Təbiət

Yerin iqlim qurşaqları

Yerin iqlim qurşaqları planetimizin en dairəsi boyunca yerləşən və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bircinsli iqlim sahələridir. 
 
Postsovet məkanında tanınmış sovet iqlimşünası B.P.Alisovun təklif etdiyi iqlim tiplərinin təsnifatından istifadə olunur. Bu təsnifat atmosferin dövretmə xüsusiyyətlərini nəzərə alır. 
 
Həmin təsnifata görə, Yerin hər yarımkürəsinin payına dörd əsas iqlim qurşağı düşür: ekvatorial, tropik, mülayim və qütb ( Şimal yarımkürəsində Arktika, Cənub yarımkürəsində Antarktika). 
 
Əsas zonalar arasında subekvatorial, subtropik, subqütb (subarktika və subantarktika) adlanan keçid qurşaqları yerləşir. 
 
Hava kütlələrinin üstünlük təşkil edən dövranına müvafiq olaraq həmin iqlim qurşaqlarında dörd iqlim tipini fərqləndirmək olar: materik, okean, qərb və şərq sahillərinin iqlimi. Materiklərin daxilində böyük quru massivlərinin təsiri altında formalaşan kontinental iqlim üstünlük təşkil edir. Okeanlar üzərində dəniz iqlimi hökmranlıq edir və materiklərin dəniz hava kütlələrinin təsirinə məruz qalan sahələrinə yayılır.
 
Materiklərin qərb sahələri üçün musson iqlimi xarakterikdir.
 
Mussonun istiqamətinin dəyişməsi ilin fəsillərinin dəyişməsinə səbəb olur. Musson iqlimi bir qayda olaraq yayda güclü yağıntı, qışda çox quru hava ilə müşayiət olunur. 
 
 
1. Ekvatorial iqlim qurşağı ekvatorun hər iki tərəfində subekvatorial qurşaqlar arasında yerləşən iqlim qurşağıdır. Burada havanın temperaturu daim yüksəkdir (20-28 dərəcə), bütün il ərzində zəif küləklər, güclü yağıntı müşahidə olunur. Cənubi Amerikanın Amazon ovalığı, ekvatorial Afrika, Qvineya körfəzi bu iqlim qurşağında yerləşir. 
 
2. Tropik iqlim qurşağı subtropik və subekvatorial qurşaqlar arasında yerləşən iqlim qurşağıdır. Qışda havanın temperaturu azı müsbət 14 dərəcədir, yağıntı çox azdır və qış mövsümünə təsadüf edir. Yağıntı düşməyən yerlərdə səhra və yarımsəhralar yerləşir.  
 
3. Mülayim iqlim qurşağı  subtropik və subarktika qurşaqları arasında yerləşən iqlim qurşağıdır. Bu iqlim qurşağına havanın atmosfer təzyiqində, temperaturda və küləyin istiqamətlərində tez-tez müşahidə olunan güclü dəyişikliklər xasdır. Mülayim iqlim qurşağında dörd mövsüm – qış, yaz, yay və payız fərqlənir. Bir qayda olaraq, qışda havanın temperaturu Selsi ilə 0 dərəcədən aşağı, yayda müsbət 15 dərəcədən yuxarıdır. 
 
4. Qütb iqlim qurşağı üçün ilin bütün fəsillərində havanın mənfi temperaturu və yağıntının az olması (ildə 100-200 millilitr ) səciyyəvidir. Bu iqlim qurşağı Şimal Buzlu okeanı zonasında və Antarktidada hakimdir. Arktikanın Atlantik okeanı sektorunda nisbətən mülayim, Şərqi Antarktida yaylasında çox sərtdir. Köppenin təsnifatında təkcə buzlaq iqlimi zonaları deyil, həm də tundra zonası qütb iqliminə şamil edilir. Bura ilboyu, demək olar, yağıntı düşmür, havanın temperaturu Selsi ilə 0 dərəcədən yuxarı qalxmır, qütblərə yaxınlaşdıqca çox soyuq olur. 
 
5. Subekvatorial iqlim qurşağı tropik və ekvatorial iqlim qurşaqları arasında yerləşən iqlim qurşağıdır. Burada havanın temperatur 15-32 dərəcə isti arasında arasında dəyişir, okeanlarda suyun temperaturu təqribən 25 dərəcədir. Şimali Amerikanın cənub hissəsi, Karib adalarının bir hissəsi, Cənubi Amerikanın şimal hissəsi, Afrikanın bir hissəsi, Cənub və Cənub-Qərbi Asiyanın böyük bir hissəsi, Avstraliya və Sakit okean adaları subekvatorial iqlim qurşağında yerləşir. 
 
6. Subtropik iqlim qurşağı mülayim və tropik qurşaqlar arasında yerləşir. Yayda tropik, qışda qeyri-tropik iqlimi ilə seçilir, yayda isti, yağıntının miqdarı azdır, qışda isə sərin (azı 0 C˚) və yağışlıdır. 
 
7. Subqütb (subarktika və subantarktika ) iqlim qurşağı Yer kürəsinin qütbətrafı bölgələri -  tundra, meşə-tundra və tayqa zonaları üçün səciyyəvi olan iqlim  qurşağıdır. Yayda burada mülayim, qışda isə Arktika və ya Antarktika hava kütlələri hökmranlıq edir. Buna görə də yay qısa və soyuq, qış isə uzundur (təqribən 9 ay). Subarktika və subantarktika qurşaqları Şimali Kanadada, Alyaskada, Qrenlandiyanın cənubunda, İslandiyanın şimalında, Skandinaviya yarımadasında, Uzaq Şərqdə yerləşir.   
 
İqlim su rejiminə, torpağa, heyvanat və bitki aləminə, kənd təsərrüfatı bitkilərinin becərilməsi imkanına həlledici təsir göstərir.
 
Deməli, insanların məskunlaşması, kənd təsərrüfatının, sənayenin, energetika və nəqliyyatın, əhalinin həyat şəraitinin və sağlamlığının inkişafı imkanları da iqlimdən asılıdır. İqlim xəstəliklərin ilin müəyyən fəsilləri, habelə regionları ilə əlaqələndirilməsini şərtləndirir.
 
Məsələn, sətəlcəm və qrip adətən qış fəslində mülayim en dairələrində yayılır, malyariya ən çox rütubətli tropiklərdə və subtropiklərdə müşahidə olunur, çünki həmin en dairələrinin iqlim şərtləri malyariya ağcaqanadlarının çoxalmasına şərait yaradır. İqlim səhiyyədə (kurortlar, epidemiyalara qarşı mübarizə, ictimai gigiyena) də nəzərə alınır, turizmin və idmanın inkişafına təsir göstərir.
 
Bəşər tarixinin aclıq, daşqınlar,  tərk edilmiş insan məskənləri, xalqların köçü barədə məlumatlarına görə, ötən dövrün bəzi iqlim dəyişiklərini bərpa etmək mümkün olur. 
 
Qurutma, suvarma, qoruyucu meşəliklərin salınması həmin rayonların iqlimini insan üçün daha əlverişli edir.