Bizi əhatə edən dünya

İlanlar necə ov edir?

İlanlar necə ov edir?

Məlum olduğu kimi ilanlar ət yeyən, yəni yırtıcı heyvanlardır.

 

Onlar böcək və molyusklardan tutmuş, balıq, quş, gəmirici və hətta kiçik dırnaqlılara qədər müxtəlif onurğalı və onurğasız heyvanlarla qidalanır. İlanların böyük əksəriyyəti ov edir.

 

Onlar qidalarını çeynəmədən udur. Buna görə də ilanlar yalnız uda biləcəyi heyvanları ovlayır. Ov üsulları onların zəhərli olub olmamasından asılıdır.

 

Zəhərli ilanların əksəriyyəti az hərəkət edir və ovlarını pusquda gözləyərək onlara ildırımsürətli zəhərli zərbə endirir. Əgər ov zərbədən yayınmağa müvəffəq olsa, ilan ona çatmağa çalışır, lakin təqib uzun sürmür: şikarın ardınca 1-3 metr süründükdən və onun əlçatmaz olduğunu yəqin etdikdən sonra ilan təqibi dayandırır və yenidən pusquda dayanır.

 

Əksər vaxtlarda isə ilanlar ümumiyyətlə şikarını təqib etmir və qurbanının yaxınlaşmasını gözləyərək uzun müddət tərpənmədən bir yerdə gizlənir. Yalnız bəzi zəhərli ilanlar aktiv ov edir və ya qida axtarır. Çöl gürzəsi gizlicə çəyirtkəyə yaxınlaşaraq cəld sıçrayışla onu yaxalamağa çalışır. Bəzi ilanlar gəmiricilərin yuvalarına soxulur və onları tutaraq yeyir.

 

Zəhərsiz ilanlar öz şikarlarını boğur və ya tutub saxlayaraq onları diri-diri udur. Məsələn, suilanı öz şikarını (balığı, kiçik məməliləri və sairə) diri udur. Boa və pitonlar isə öz şikarının bədəninə sarılır və onu möhkəm sıxaraq öldürür.