Bu maraqlıdır! | Alovun rəngi nədən asılıdır?

Laboratoriya şəraitində rəngsiz alov almaq mümkündür. Onu yalnız yanan yerdə havanın titrəyişinə görə müəyyən etmək olar.

 

Məişət alovu isə həmişə “rəngli” olur. Alovun rəngi odun temperaturuna və orada hansı kimyəvi maddələrin yanmasına görə dəyişir. Yüksək temperatur atomların bir müddət daha yüksək energetik vəziyyətə sıçramasına imkan verir. Atomlar əvvəlki vəziyyətə qayıtdıqda, onlar müəyyən uzunluğa malik dalğalarla işıq şüalandırır. Bu, həmin elementin elektron qabığının strukturuna uyğundur.

 

Təbii qazın yanması zamanı müşahidə etdiyimiz məşhur mavi alov bu rəngi verən dəm qazından yaranır. Molekulları bir oksigen və bir karbon atomundan ibarət dəm qazı təbii qazın yanması nəticəsində əmələ gələn maddədir.

 

Qaz plitəsinin üzərinə bir qədər mətbəx duzu tökün – alovda sarı dillər əmələ gələcək. Bu cür sarı-narıncı rəngə yanan natrium duzları səbəb olur (xatırladaq ki, mətbəx duzu natrium xloriddir). Belə duzlar ağac məhsullarında bol olduğundan, adi ocaq və məişət kibriti sarı alovla yanır.

 

Mis isə alova yaşıl çalar verir. Yanan maddənin tərkibində yüksək həcmdə mis olduqda, alov ağ rəngə çox yaxın parlaq yaşıl rəng alır. Həmçinin barium, molibden, fosfor və sürmə də alova yaşıl rəng və onun çalarlarını verir. Selen maddəsi alovun göy, bor isə göyümtül-yaşıl rəngə çalmasına səbəb olur. Qırmızı alovu litium, stronsium və kalsium, bənövşəyi alovu kalium, sarı-narıncı alovu isə natrium yaradır.