K

Kür

Kür

 

Cənubi Qafqazın və Azərbaycanın ən iri çayı

 

Uzunluğu 1515 kilometr, hövzəsinin sahəsi 188 min kvadratkilometrdir. Kür çayının 906 kilometri Azərbaycan Respublikasının ərazisindən keçir.

 

Sahilində Borjomi, Qori, Mtsxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan, Salyan şəhərləri yerləşir.

 

Mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan ərazisindən axaraq Azərbaycan ərazisinə daxil olur. Burada özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək Xəzər dənizinə tökülür.

 

Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür.

 

Azərbaycan ərazisindəki Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və başqa çaylar Kür hövzəsinin çaylarıdır.

 

Çayın deltasında uzunburun, ağ balıq, nərə, ilanbalığı və başqa balıqlar ovlanır.

 

Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd su bəndləri və hidroelektrik stansiyaları, nəhəng su anbarları yerləşir. Bundan başqa, Kürün suyu suvarmada geniş istifadə olunur.