Bu maraqlıdır!

Nəyə görə “ərəb” rəqəmləri əslində “Hindistan” rəqəmləridir?

 

Qədim zamanlarda rəqəmlər çubuqlarla işarə olunurdu. Bir çubuq vahidi, iki çubuq 2 rəqəmini və sairə ifadə edir. Bu üsul indi də “rum rəqəmlərində” öz şəklini saxlayıb. Biz Qədim Roma sistemindən yubiley tarixlərini, kitablarda fəsilləri və başqa rəqəmləri yazarkən istifadə edirik.

 

Böyük sayları təsvir etmək üçün bu üsul yararsız idi, buna görə də insanlar 5, 10 və başqa rəqəmlər üçün işarələr fikirləşməyə məcbur olublar. Müxtəlif xalqlarda rəqəmlər müxtəlif şəkillərdə işarə edilirdi. Nömrələr sistemi - böyük sayları ifadə etmək üçün rəqəmlər birləşməsi də biri-birindən fərqlənirdi.

 

Qədim zamanlarda Yunanıstanda attik nömrələmə sistemindən istifadə edilirdi. 1, 2, 3, 4, rəqəmləri cızıqlarla; 5, 10, 100, 1000 və 10000 sayları müvafiq sözlərin baş hərfləri ilə işarə olunurdu. Digər saylar isə bu işarələrin kombinasiyaları ilə qurulurdu.

 

Bizim eradan əvvəl III əsrdə attik nömrələri yeni Yunan nömrələri əvəz etdi.

 

Slavyan xalqları da rəqəmləri yazmaq üçün əlifbadan istifadə edirdilər. Rusiyada slavyan nömrələmə sistemi XVIII əsrə qədər istifadə olundu. O, I Pyotrun hakimiyyəti illərində bizim üçün adi olan və “ərəb” rəqəmləri adlanan sistemlə əvəz edildi.

 

Biz hazırda Hindistanda ixtira olunan rəqəmlərdən istifadə edirik. Bir vaxtlar bu rəqəmlər qədim Hindistan dilində müvafiq sözlərin baş hərfləri şəklində yazılırdı.

 

Rəqəmlər sisteminin inkişafında ən vacib addım xüsusi işarənin - bizim sıfırın prototipinin daxil edilməsi oldu. O, iri nöqtə və ya dairə şəklində idi. Bu, az sayda işarə ilə kifayətlənməyə imkan verdi. Sıfırın nə vaxt və necə icad edildiyi məlum deyil. Lakin artıq VIII əsrdə bu sistem Hind-Çin, Çin, Tibet, İran, Mərkəzi Asiya və digər ölkələrə daxil oldu. IX əsrin əvvəllərində Xarəzmli Məhəmməd Hindistan rəqəmlərini ərəb ölkələrinə yaydı.

 

Avropaya bu rəqəmlər XII əsrdə gəlib çatdı və universallığı sayəsində XVI əsrdə burada əsaslı şəkildə kök saldı. Həmin sistem avropalılara ərəblərdən gəldiyi üçün onu “ərəb” rəqəmləri adlandırdılar. Bu tarixi səhv addan indiyə qədər də istifadə edirlər.