Bu maraqlıdır!

Teleskopda nə görünür?

 

Uzaqda yerləşən obyekti görmək üçün, onu gözə yaxınlaşdırmaq lazımdır. Bəs ulduzları necə yaxınlaşdıraq?

 

Əgər suya daş atsaq, onun kənarlarında dairələr yayılacaq. İşıq da dalğalar kimi hərəkət edir, lakin tezliyi yüksək olduğu üçün gözlə görünmür. Səs də bu şəkildə yayılır. Gözlərimizin görə, qulaqlarımızın isə eşidə bilmədiyi görünməz dalğalar da mövcuddur. Onlar uzaq ulduzlardan gəlir. Alımlər kosmosu tədqiq  etmək üçün kosmik dalğaların dilini “tərcümə” edən qurğular icad ediblər. Bu, teleskopdur. 1611-ci ildə yunan riyaziyyatçısı Covanni Demiziani bizim teleskop kimi tanıdığımız yeni astronomik qurğuya bu adı verib.

 

Teleskopu ulduzlara yaxınlaşdırmaq və yer atmosferinin yaratdığı maneələr olmadan Kainatı tədqiq etmək üçün onu peyklərə yerləşdirdilər. İlk kosmik teleskop olan “Kopernik” 1972-ci ildə fəzaya buraxılıb.

 

1990-cı ildə səmanın ənginliyinə qalxan “Hubble” teleskopunun köməyi ilə kosmosun ən məşhur və ən gözəl şəkilləri çəkilib. O, Kainatın hazırkı təsəvvürlə 13,8 milyard il olan yaşının müəyyən olunmasına kömək edib. Bu teleskop artıq 25 ildir ki, kosmosda fəaliyyət göstərir və alimlərə Kainatın sirlərini daha yaxşı öyrənməyə yardım edir.

 

Bu yaxınlarda “Hubble” teleskopunu daha iri və müasir “James Webb” kosmik teleskopu əvəzləyəcək. Onun 2018-ci ildə fəzaya göndərilməsi planlaşdırılır.

 

Radioteleskoplar nədir?

 

Radioteleskoplar işıq şüalanmasını deyil, radiodalğaları qeydə alır. Çanağının mərkəzində radiosiqnalları qəbul edən antena yerləşir. Radioteleskopların böyük “qulaqları” radiodalğaları tutmağa qadirdir. Onların nəhəng çanaqları ulduzları daha yaxşı eşitmək üçün hazırlanıb. Digər qurğular - “gözlər” görünməz şüaları tutur və onları insanların başa düşəcəyi dilə “tərcümə” edir.