Xəbərlər

Gəncə marafonunun ən kiçik iştirakçısı: Tanınmış idmançılarla eyni ideya ətrafında birləşmək çox sevindiricidir

Gəncə, 19 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu-2017” həmrəylik yarışıdır. Bu cür yarışlar, həm də yeni-yeni dostlar qazanmaq üçün əla fürsətdir.
 
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Gəncə marafonu-2017”nin ən kiçik iştirakçısı, Gəncədən olan marafonçu Nurvin Əhmədoğlu deyib.
 
Nurvin Əhmədoğlu bildirib ki, ölkəmizin regionları arasında ilk dəfə Gəncənin belə bir marafona ev sahibliyi etməsi, çoxsaylı mədəniyyət və incəsənət xadimlərinin, eləcə də xarici idmançıların bu yarışda iştirakı onda sevinc və qürur hissi yaradıb.
 
“Bəzi idman kanallarını izləyərkən bir çox beynəlxalq yarışlarda uğurlu çıxışını gördüyüm idmançılar da “Gəncə marafonu-2017”nin iştirakçılarıdır. Belə bir idmançılarla eyni ideya ətrafında birləşmək çox sevindiricidir. Həm sevinir, həm də fəxr edirəm ki, yaşadığım Gəncə artıq idman şəhərinə çevrilib. Bu cür idman yarışlarının daha çox olmağını arzulayıram”, - deyə Nurvin Əhmədoğlu qeyd edib.