Xəbərlər

Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır!

Qusar, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
 
Dünyaya göz açandan altı ay sonra hərfləri və rəqəmləri tanımağa başlayıb. Birinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır. Məhz buna görə də 6 yaşlı azərbaycanlı Ruslan Səfərovu “kalkulyator uşaq” adlandırırlar.
 
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən vunderkind Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan Ruslan bu il şəhər 4 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyub.
 
Ruslan Səfərov AZƏRTAC-ın müxbirinə bildirib ki, böyüyəndə proqramçı olmaq istəyir. O, riyaziyyatla yanaşı, kompüter oyunlarına da maraq göstərir.
 
“Kalkulyator uşağ”ın atası Fuad Səfərov oğlunun riyaziyyatı yüksək səviyyədə qavramasında gündəlik hazırlıqların daha çox rol oynadığını bildirir. “Bir dəfə jurnalda oxudum ki, uşağın tərbiyəsi və tədrisi ilə iki aylığından məşğul olmaq lazımdır. Biz evdə bütün əşyaların üzərinə onların adlarının baş hərfini yazmışdıq.
 
O, iməklədikcə rast gəldiyi hərfləri yadında saxlayırdı. Ruslan gəzə bilmirdi, amma altı aylığında bütün hərfləri tanıyırdı. İki yaşında ikən yazıb-oxumağı bacaran Ruslan, daha sonra çətin misalların həllinə başlayıb. Onun ən böyük üstünlüyü odur ki, hesablamanı çox sürətlə və dəqiq aparır”.
 
Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb.
 
Atası bildirir ki, Ruslanla hər gün cəmi 15-20 dəqiqə məşğul olur. Hazırda 5-6-cı sinif misallarını həll edir: “Biz ona deyirik ki, tək riyaziyyatla iş bitmir. Başqa kitabları da oxumaq lazımdır. Nağıl kitabını götürüb öz otağına gedir. Amma otağa daxil olanda görürük ki, yenə riyaziyyatla məşğuldur”.
 
Ruslanın qeyri-adi bacarığını videoya çəkərək “YouTube” kanalına yüklədikdən sonra Rusiya telekanalından “Udivitelnıye lyudi” proqramında çıxış etmək üçün təklif gəlib. Proqramda uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb. Valideynləri Ruslanın riyaziyyat təmayüllü məktəbdə təhsil almasını istəyirlər. Amma Qusar şəhərində belə bir təhsil ocağı yoxdur. Bu səbəbdən uyğun təklif olarsa, Ruslanı Bakı şəhərinə göndərmək barədə düşünəcəklər.