Bu maraqlıdır!

İnternet şəbəkəsi üzərindən məlumatlar necə ötürülür

Təsəvvür edin ki, siz digər şəhərdə və ya digər dövlətdə yaşayan dostunuza zəng etmək istəyirsiniz. Telefonun dəstəyini qaldırırsınız, nömrəni yığıb sizə nə vaxt cavab veriləcəyini gözləyirsiniz. Sizinlə dostunuz arasında birbaşa telefon əlaqəsi qurulur. Bu əlaqə biriniz telefonu yerə qoyanadək davam edir. Kənar şəxs sizin danışığınıza mane ola bilmir. Belə demək olar ki, müəyyən bir müddət ərzində xətt yalnız sizə və məsələn, İstanbulda yaşayan dostunuza məxsus olur.

İnternet şəbəkəsində isə vəziyyət başqa cürdür. Heç kim kanaldan təkbaşına istifadə etmir. Məlumatlar paketi şəklində ötürülən müxtəlif informasiyalar eyni kanalla ötürülür. Onlar göndərilən andan bu paketlərə yerləşdirilir: bütün məlumatlar “hissələrə bölünür” və bu şəkildə qəbul edən ünvana göndərilir. İnternet kanalları ilə eyni anda çox sayda paket hərəkət edir və bütün yeni paketlər bu axına qarışır. Ünvana çatdırılma zamanı müxtəlif fraqmentlər tapmacanın detalları kimi yenidən birləşdirilir.

Əgər telefon da internet kimi eyni prinsiplə işləsəydi siz və dostunuz bir-birinizlə danışmaqdan bezərdiniz. Dostunuz bir və ya bir neçə söz söyləyədikdən sonra uzun müddət onun sizə çatmasını gözləməli olardı. Sizin cavabınız da ona gecikmə ilə çatacaqdı. Əlbəttə, adi telefon danışığı tam fərqli prinsipə əsaslanır: Biz elə ünsiyyət qururuq ki, sanki həmsöhbətimiz yanımızda oturub. Lakin, internetin köməyi ilə də telefon zəngi etmək mümkündür.

Biz isə internetdə informasiyanın ötürülməsi prinsipi haqda danışaq. İnternetlə ötürülən məlumatlar paketi 1500 işarədən (simvoldan) çox ola bilməz. Hədəfdən yayınmamaq üçün paketdə onun adı, ötürülən məlumatlar blokunda mövqeyinin ünvan sahəsi və ardıcıl fəaliyyətlər barədə təlimat yerləşir. Məhz bu informasiyanın mövcudluğu sayəsində qəbul edənə çatdırılan məlumatlar paketindən informasiya yığılır. Bununla protokollar məşğul olur.

İnternet şəbəkəsində əsas protokol TCP/IP-dir. Bunlar müxtəlif fərqli protokollardır. Onlardan biri şəbəkələr arası IP-dir (Internet Protocol). Onun vəzifəsi məlumatlar paketini düzgün istiqamətləndirməkdir. Şəbəkələrarası protokol isə bir növ göndərənin və qəbul edənin ünvanı yazılan poçt zərfi rolunu oynayır. Paket şəbəkəyə daxil olduqda informasiya magistralının hər şaxələnməsində (məlumat ötürücü marşrut) dayanır. Sistem onun ünvanını araşdırır, bundan sonra paket hərəkətini davam etdirir. Onun yolu həmişə düz olmur: paket hər dəfə “tıxacın” olmadığı istiqamətə yönəlir. Buna görə də, məsələn, Parisdən Berlinə göndərilən məlumat Yaponiya və ya ABŞ-dan keçərək ünvanına çata bilər. İnternetdə “məşğuldur” anlayışı yoxdur. Əgər xətt həddən artıq yüklənibsə, məlumat kənar yolla şütüyür. İnternetin digər rabitə vasitələri qarşısında böyük üstünlüyü məhz bundadır. Əgər xəttin hər hansı yerində qırılma baş versə, məlumat istənilən halda ünvanına çatır.

TCP (Transmission Control Protokol) isə tam fərqli bir funksiya daşıyır. Bu protokol məlumatları paketlərə “yerləşdirmək” üçündür. Paketlər ünvana çatdıqda TCP protokolu yenidən onlardan məlumat yığır. Bu proses həmin paketə yerləşdirilən xüsusi işarələr vasitəsilə həyata keçirilir. Buraya ümumi məlumatlar massivinin ölçüsü və onların yığılma ardıcıllığı haqda məlumat daxildir.

TCP/IP protokolu məlumat ötürməyə yardım edir. O, müxtəlif kompüter sistemləri arasında informasiya mübadiləsini nizamlayır. Bəzən elə olur ki, qapalı lokal şəbəkə TCP/IP protokolu ilə işləmir. Lakin onun vasitəsi ilə də internetə çıxış əldə etmək mümkündür. Bu, müxtəlif şəbəkələr arasında məlumat mübadiləsini təmin edən xüsusi kompüter vasitəsi ilə təmin olunur. Belə şlüz informasiyanı TCP/IP protokolu dilindən lokal şəbəkənin dilinə çevirir, sonra isə onu müvafiq kompüterə ötürür.

Məsələn, əgər siz internet vasitəsi ilə “CompuServe” online xidmətinin istifadəçisinə elektron məktub göndərsəniz, məlumatınız mütləq bu şəbəkənin şlüzündən keçməlidir. O, sizin məktubunuzu “CompuServe” şəbəkəsində qəbul olunan format şəklinə salacaq və qəbul edən şəxs onu çətinlik çəkmədən oxuya biləcək. Həmin istifadəçi də digər protokoldan istifadə edən lokal şəbəkəyə məhz eyni şəkildə məktub göndərə bilər.

Hazırda bir çox iri firmalar iş yerlərində əməkdaşlar və həmin müəssisənin müxtəlif filialları arasında əlaqəni təmin etmək üçün öz lokal şəbəkələrini qururlar. Korporativ və ya intranet-şəbəkə adlandırılan bu şəbəkələr ümumdünya şəbəkəsinin texniki standartlarına uyğun yaradılır. Belə daxili şəbəkələrə qoşulan kompüterlər internetə çıxış imkanına malik olur. Bəzi kommersiya online-xidmətləri, məsələn, Microsoft Network (MSN), ümumdünya kompüter şəbəkəsinin tərkib hissəsi olduğu halda, həmçinin internet texnologiyasından istifadə edir.