Görkəmli şəxsiyyətlər

Rembrandt Harmens van Reyn (1606-1669)

Böyük holland rəssamı Rembrandt Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gəlib. O, rəssam kimi ilk addımlarını doğma şəhərində atıb. Buna görə də Rembrandt yaradıcılığının erkən dövrünü Leyden dövrü adlandırırlar. O, üç il ərzində yerli rəssam Yakob van Svanenburqun, daha sonra Amsterdamda tarixi mövzularda əsərlər yaradan Piter Lastmanın yanında şagirdlik edib. 

 
Rembrandt 1625-ci ildə Leydendə öz emalatxanasını açır. Burada şagirdlərinə rəngkarlığın sirlərini öyrədir və "Müqəddəs Sebastyanın əzabları" adlı ilk əsərini yaradır.  


1632-ci ildə Amsterdama köçür və tezliklə böyük şöhrət qazanır. Bu da doktor Tulpun bir qədər müdhiş mövzuda sifarişi sayəsində baş verir. Həkimin sifarişinə görə, rəssam onu şagirdləri ilə birlikdə təsvir etməli idi. Rembrandt sifarişə yaradıcı yanaşır. O, üzü tamaşaçıya doğru sıra ilə dayanmış adamları çəkmək ideyasından imtina edir.      


İncəsənət tarixinə "Doktor Tulpun anatomiya dərsi" adı ilə daxil olan tablonun mərkəzində üstündə meyit uzadılmış masa görürük. Masanın arxasında Tulpun özü əyləşib. O, mərhumun dərisi soyulmuş qolunda vətərlərin quruluşunu şagirdlərinə başa salır. Tulpu yarımdövrəyə alan şagirdləri onu diqqətlə dinləyirlər. Bu tablonun ən maraqlı cəhəti Tulpun şagirdlərinin bir-birini təkrarlamayan çox canlı üz ifadələridir. Rəssam nəinki əsas personajın obrazını dolğun təsvir edə bilib, eyni zamanda onun digər personajlarla əlaqəsini əks etdirməyə müvəffəq olub, halbuki o, ənənəvi yolla getsəydi, buna nail ola bilməzdi. 


Bu əsər çox yüksək qiymətləndirilir. Rəssam ardı-arası kəsilməyən sifarişlər almağa başlayır. O, Hollandiya ştatqalterinin xahişi ilə "İsa Məsihin əzabları" mövzusunda bir neçə əsər, çoxlu portret, habelə Bibliya və mifoloji süjetlər əsasında bir sıra kompozisiyalar, məsələn, məşhur "Danaya" və "Samsonun kor edilməsi" kimi məşhur əsərlərini (hər ikisi 1636-cı il) yaradır. Rembrandtın dahiyanə novatorluğunu başa düşmək üçün onun əsərlərini populyar mifik süjetlərdən istifadə edən başqa rəssamların əsərləri ilə müqayisə etmək lazımdır.  


Məsələn, "Samsonun kor edilməsi"  sadəcə Bibliyada təsvir edilmiş  məşhur əhvalata illüstrasiya deyildir, inanması sayəsində  həqarətlərə məruz qalmış, sevdiyi qadının hiyləsinin qurbanı olmuş igid bir insanın böyük faciəsini inandırıcı şəkildə əks etdirən bir əsərdir. Əsərdə dinamik və kəskin kompozisiya qurulub. Burada hər bir qəhrəmanın hərəkət və hisslərinin motivləri aydın ifadə olunub. İşıq və kölgənin kəskin kontrastı faciənin mahiyyətini qabardır. İnsanı dünya işığından məhrum edirlər, yəni onu əbədi zülmətə məhkum edirlər.  


1642-ci ildə Rembrandt yenə də qrup şəklində portret üçün sifariş alır. Bu dəfə o, Amsterdam atıcı alayının kapitanı Frans Banninq Kok başda olmaqla, alayın on altı zabitini təsvir etməli idi. Şəkli çəkiləcək zabitlərin hər biri rəssama yüz qulden civarında haqq ödədiyi üçün tabloda daha yaxşı yer tutmağa ümid bəsləyir. Amma onların ümidləri doğrulmur. 


Rembrandt yenə də ənənədən kənara çıxaraq, özünün ən mükəmməl əsərlərindən birini – "Gecə gözətçiləri" tablosunu yaradır. Əsərdə məğrur döyüşçülərin statik düzülüşü deyil, həyəcan siqnalı ilə doğma şəhərin müdafiəsinə qalxmış, amma hələlik dağınıq vəziyyətdə dayanmış döyüşçülər dəstəsi təsvir olunub. Cərgəyə  durmağa hazırlaşan bu insanların qətiyyət dolu üzləri onların hər birinin döyüşə hazır vəziyyətdə olduğunu göstərir. Əsər sifarişçilərin böyük narazılığına səbəb oldu: əvvələn, Rembrandt 16 zabit əvəzinə 34 adam, o cümlədən, kim bilir, haradan peyda olmuş bala qız çəkmişdi, ikincisi, cəsarətli kompozisiyaya görə bəzi zabitlərin üzləri ya tamam görünmür, ya da ikinci və ya üçüncü planda təsvir olunmuşdu.   


Bu hadisədən sonra Rembrandtla Amsterdam zadəganları arasında dərin ixtilaf yaranır. Üstəlik, rəssamın həyatında faciə baş verir: əvvəlcə üç övladı, sonra sevimli xanımı Saskiya vəfat edir. Rembrandt oğlu Titusla tək qalır. Amma taleyin zərbələrinə baxmayaraq, işləməyə davam edir. O, 1645-ci ildə "Müqəddəs ailə" əsərini yaradır. Əvvəlcə "Dülgərin ailəsi" adlanan bu əsərdə təsvir edilən süjetin dini mahiyyətindən çox ümumbəşəri mahiyyəti açıqlanır. 

1650-1660-cı illərdə Rembrandt "Breyninqin portreti" (1652), "Virsaviya", "Qırmızı libaslı qocanın portreti", "Qoca qadının portreti" (hər üçü 1654-cü il) əsərlərini və Saskiyanın ölümündən bir neçə il sonra evləndiyi Hendrikye Stoffelsin gözəl portretini yaradır.   


Amma bütün dahilər kimi, Rembrandt da yoxsulluğun cəngindən qurtara bilmirdi. Yeni sifarişlər yox dərəcəsində idi, çünki "Gecə gözətçiləri" əsərinin nümunəsində əmin olduğumuz kimi, ustad rəssam sifarişçilərin bayağı zövqünə tabe olmaq istəmirdi. Nəticədə 1656-cı ilin yayında Rembrandt müflis elan edilir. 1657-ci ildə onun bütün əmlakı hərracda satılır və rəssam mehmanxanaya köçməyə  məcbur olur. 


1663-cü ildə rəssam ikinci arvadını, beş il sonra isə oğlu Titusu itirir. Görünür, o, 1668-1669-cu illərdə yaratdığı "Gəzəyən oğulun qayıtması" adlı çox gözəl əsərini oğlunun ölümünə ithaf edib. Rembrandtın ölümü cəmiyyətdə əks-səda doğurmur. Yalnız 100-200 il keçəndən sonra onun əsərləri həm rəssamlar, həm də incəsənət xiridarları tərəfindən yüksək qiymətləndirilir. İndi dünyanın ən yaxşı qalereyaları Rembrandtın tabloları ilə fəxr edir.       


Bu maraqlıdır: Rembrandt tamamilə müflis olanda öz əsərlərini mümkün qədər baha qiymətə satmaq üçün cürbəcür hiylələrə əl atırdı. Bəzən oğlu Titus atasının əsərlərini alverçilərin yanına gətirib deyirdi ki, tablolar oğurluqdur, ona görə də  bahalıdır. Elə adamlar vardı ki, oğurluq əsərləri həvəslə alırdılar. Bəzən rəssamın özü əsərlərinin satıldığı hərraca gəlib bacarıqla onların qiymətlərini qaldırırdı. Amma ən səmərəli biclik saxta dəfn mərasimi olur. Arvadı və Titus hamıya elan edirlər ki, böyük Rembrandt vəfat edib. Halbuki rəssam Amsterdama getmişdi. Dəfn mərasimi keçirilir, hətta içərisi boş olan tabut torpağa tapşırılır. Bu "tamaşadan" sonra dahi rəssamın əsərlərini almaq istəyənlər onun evinə axışmağa başlayırlar. Bir ay ərzində ailə büdcəsinə təxminən 2 min qulden gəlir gəlir.