Nağıllar, hekayələr

Pəri Qasımzadə. "Alpərin dostları"

- Salam Alpər!
- Oo-yaaan!
  Günəş şüalarıyla  Alpərin yanaqlarını sığallayir, kipriklərini oynadırdi ki, onu yuxudan oyatsin.
- Oo-yaan! Dostların artiq çoxdan durublar.
- Doğrudan?!
    Alpər bir göz qırpımında yerindən sıçrayıb bağa qaçdı. Bəli,  dostları qarışqalar və günəbaxan onu çoxdan gözləyirmişlər. 
     Qarışqalar Alpəri görüncə “Günaydın Alpər!” deyib  daha şövqlə, daha işgüzarcasına hərəkət etməyə başladılar. Günəbaxan da sarı ləçəklərini bir-birinə çırparaq Alpəri salamladı. Hamı yaxşı bilirdi ki, Alpər hər gün olduğu kimi, bu gün də onları sevindirəcək: qarışqaların yuvasına yaxın bir yerə balaca çörək parçası qoyacaq ki, gün ərzində onu  yavaş-yavaş didib yuvalarına daşısınlar. Günəbaxana da  bolluca su verəcək ki, içərək daha da gümrahlaşsın, qamətini dikəldib günəşə baxsın.
   Alpər günəbaxanın adını Günəşxanım qoymuşdu Günəşə oxşadığına görə. Günəbaxanın özünə də bu ad yaman ləzzət eləyirdi və o, canı-dildən çalişirdı ki, tez böyüsün, boyu göylərə qədər ucalsın. Ucaldıqca günəşə daha yaxın olacaqdı. Boyu xeyli artmışdı da. Doğrusu, onun olduqca qısa müddətdə belə boy atmasına Alpər də məəttəl qalmışdı. Axı cəmi bircə ay əvvəl onu özü əkmişdi... Əhvalat isə belə olmuşdu.
    Bizim bağın ən qocaman sakinləri, əlbəttə ki, qarışqalardır. Alpəri qarışqalarla babası tanış etmişdi. Ona danışmışdı ki, bu qarışqaların bağımızda çox qədimdən yeraltı səltənəti var. Yuvaları evimizin yanından başlayıb bağın çəpərinə qədər uzanır. İlk  tanışlıqda  Alpər onları beş dənə buğda dənəsinə qonaq etmişdi. Qarışqalar bu sovqatdan xoşhallanıb bir göz qırpımında köməkləşərək buğdaları yuvalarına daşımışdılar. Az keçməmış Alpər görmüşdü  ki, onlar yuvalarından nəyisə həşirlə dartıb çölə çıxartmaq istəyirlər. Bu nə olsa yaxşıdır - bir qara günəbaxan tumu. Demə, bu da qarışqaların Alpərə hədiyyəsi imiş.      
  Alpər həmin tumu babası ilə birlikdə qarışqaların yuvasına yaxın bır yerdə əkdi. Onu hər gün suladı. Heç bir həftə keçmədi ki, bir də gördü həmin tum artıq torpağı yarıb və yaşıl saplaqlı başını yerdən dikəldərək Alpərin üzünə gülümsəyir. Gözlərinə inana bilmirdi: Axı bu necə baş verdi?  Bu əsl möcüzədir ki!!! Sevincinin həddi-hüdudu yox idi. Körpə bitkiyə tərəf əyılıb əzizləyərək ona “xoşgəldin” dedi, onunla dost olacağına, gələcəkdə həmişə onu qoruyacağına söz verdi.           
   Balaca yaşılbaş da çox sevindi, fikirləşdi ki, aha, dost olmaq nə yaxşi şeymiş, dost səni qoruyan deməkmiş. “Böyüyəndə mən də əsl dost olacağam və həmişə dostlsrımı bütün çətinliklərdən qoruyacağam” - deyə düşündü. 
Günəbaxan gündən-günə böyüyür, gözəlləşirdi. Əvvəl Alpər onu sulamaq, onunla söhbətləşmək üçün aşağı əyilirdisə, az vaxtdan sonra günəbaxan bir qədər də böyüyüb Alpərə çatmışdı. Bir qədər də keçəndən sonra isə Alpərı ötmüşdü. Artıq Alpər  onunla görüşüb söhbətləşmək üçun öz balaca nərdivanına çıxmalı olurdu.
    Bir gün Günəşxanım Alpərə dedi: 
- Sənə bir sirr açacağam. Bir azdan sonra sizin hamınız üçün, quşlar, qarışqalar üçün gözəl, ləzzətli  hədiyyəm olacaq. Hamınızı tum qonaqlığına dəvət edəcəyəm.
   Zaman keçirdi. Amma nə sirdirsə, Alpər görürdü ki, Günəşxanımın boyu günü-gündən artdıqca nədənsə əksinə bükülür, başını get-gedə aşağı əyir. 
   Bir gün ondan soruşdu:
- Günəşxanım, xəstələnmisən?
- Yox,  sadəcə tumlarım böyüyür şirələşir, ağırlaşır, ona görə boynum əyilir, - dedi Günəşxanım.
  Günlərin birində Alpər möhkəm yağış səsinə yuxudan oyandı.  Təlaşa düşdü,  tez həyətə qaçdı  ki, görsün dostlarının vəziyyəti necədir. İmdad! Qarışqalar su gölündə üzürlər!  Alpər bilmədi nə etsin. Köməyə Günəşxanım gəldı. Üzünü qarışqalara tutub çağırdı:
- Qorxmayın, dostlarım, tez mənə tərəf üzüb gəlın, gövdəmlə yuxarı dırmaşıb tumlarımın arasında gizlənin. Mən sizi ləçəklərimlə örtüb  yağışdan xilas edəcəyəm.  
    Qarışqalar onun dedyi kimi etdilər və bir ağızdan:
- Çox sağ ol, Günəşxanım. Sən əsl dostsan, - dedilər.
    Yağış kəsdi, günəş hər yeri qurutdu. 
   Bir səhər Alpər həmişəki kimi dostlarının yanına gələndə gördü ki, Günəşxanım əvvəlki kimi boynunu əymir və nədənsə heç kefi yoxdur, onun gəlişinə də sevinmir. Çox qayğılandı: 
- Günəşxanım, sənə nə olub, niyə kefsizsən? – deyə soruşdu.
   Günəşxanım narazılıqla başını yırğalayıb gileylənməyə başladı:
- Qarışqalardan bərk incimişəm. Belə də dostluq olar?! Mən onlara qoynumda yer verdim, onlar isə əvəzində, bilirsən, nə etdilər? Bağın quşlarına xəbər verdilər ki, məndə çox ləzzətli tumlar var. Quşlar başıma qonub hələ tam yetışməmış tumlarımın bir hissəsini dimdikləyib apardılar.
    Alpər çox məyus oldu. “Axı belə olmaz” - deyə qarışqaları  danladı. Günəşxanımı təcili xılas etmək lazım idi. Alpər anlayırdı ki, quşlar ağızlarının dadını biliriər, bütün tumları yeyib qurtarmayınca Günəşxanımdan əl çəkən deyillər. “Əzizim Günəşxanım, mən səni darda qoymayacağam” fikri ilə babasının yanına gəlib əhvalatı danışdı, ondan məsləhət istədi. Babası dedı:  
- Bu çox qəliz məsələ oldu. Quşlar çoxdu və onlar Günəşxanımı sakit buraxmayacaqlar. Amma darıxma. Bir şey fikirləşərik.
    Babası Günəşxanımı quşların basqınından xilas etmək üçün onun üzünü cunayla örtdü və Alpərə dedi:
- Bax belə. Artıq nə Günəşxanıma zaval var, nə də tumlarına.
   Hamı çox sevindi. Qarışqalar da günəbaxanın gövdəsini qucaqlayıb çox peşman olduqlarını dedilər və onunla barışdılar. Günəbaxan:
- Qarışqa dostlarım, keçmiş olsun, - dedi. Sonra fikrə dalıb əlavə etdi: 
- Siz idiniz məni Alpərə dost edən. Ona hədiyyə etdiyiniz tumu Alpər əkdi və mən dünyaya gəldim. İndi nə yaxşı ki, hamımız birlikdəyik.
  Günəşxanımın tumları getdikcə yetişir, böyüyür, ağırlaşırdı və bu səbəbdən də boynu günü-gündən daha çox əyilirdı. Axırda o qədər əyildi ki, lap balacalaşıb Alpər boyda oldu. Alpər sevinirdi ki, yenə əvvəlki kimi Günəşxanımın boynunu qucaqlayıb rahatca söhbətləşə bilir. 
 Bir səhər Günəşxanım Alpəri tumlarının yetişməsi xəbəri ilə müjdələyərək dedi:
- Dostum Alpər, hamiya xəbər ver, qonaqlıq başlayır. Tumlarımı hamıya payla. Qarışqalara da, quşlara da. Özün də qonaq ol. Çox ləzzətli tumlardır. Nuş olsun! Amma bir xahişim  var. Tumlarımdan bir ovuc götur, onları qurut və gələn yaz  ək.
- Əlbəttə, əkəcəyəm.
    Alpər artiq yaxşı bilirdi ki, tumları əksə, hansı möcüzə baş verəcək: bir ovuc tum Günəşxanım kimi çoxlu-çoxlu dostlar deməkdir! Qarışqaların, saysız-hesabsız quşların, üstəlik də qonşu həyət uşaqlarının qatılacağı tum qonaqlıqları aləm olacaq ki!...