Bu maraqlıdır!

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatı

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatı dünyanın ən böyük humanitar təşkilatıdır. Onun məqsədi, əsasən silahlı münaqişələr və digər fövqəladə vəziyyətlər zamanı insan iztirabının yüngülləşdirilməsi, insanların həyatı və sağlamlığının qorunması və insan ləyaqətinin müdafiəsidir. Hərəkat dünyanın bütün ölkələrində fəaliyyət göstərir və onu milyonlarla könüllü dəstəkləyir. Bu təşkilata dünyanın 186 üzv ölkəsindəki Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyaları, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Xaç və Qızıl Aypara milli cəmiyyətləri daxildir.

Qırmızı Xaç Təşkilatının qurulmasının təşəbbüskarı isveçrəli yazıçı Anri Jan Dyunan olub. O, 1859-cu ilin iyunun ayında Solferino döyüşünün keçirildiyi yerə gəlir və döyüş meydanında heç kimin əhəmiyyət vermədiyi ölüm ayağında olan 40 min yaralı əsgər görür. Məhz bu zaman Dyunan beynəlxalq saziş əsasında fəaliyyət göstərəcək və yaralılara yardım edəcək bir təşkilatın vacibliyini anlayır. O, bu ideyanı Avropanın bütün saraylarında səsləndirir və onun səyləri uğurla nəticələnir.

1863-cü ildə Cenevrədə yaralı əsgərlərə yardım göstərən Beynəlxalq Komitə (“Qırmızı Xaç”) qurulur. Təşkilatın emblemi qismində rənglərinin yer dəyişdiyi İsveçrə bayrağı istifadə olunur – xaç ağ yerinə qırmızı, fon isə qırmızı yerinə ağ rənglə boyanır.

Qırmızı xaç təşkilatın yeganə simvolu deyil. Türk-Rus müharibəsi (1877-1878) zamanı Osmanlı İmperiyası qırmızı xaçın müsəlman əsgərlərində səlibçılərlə bağlı mənfi assosiasiya yaratdığını hesab edərək qırmızı aypara emblemindən istifadə etmək qərarına gəlir. Osmanlı İmperiyasının ardından əhalisinin çox hissəsi müsəlmanlardan ibarət olan digər ölkələr də bu emblemdən istifadə etməyə başlayır. 1929-cu il Cenevrə konvensiyası qırmızı ayparanı ikinci qoruyucu emblem qismində qəbul edir.

Qırmızı Xaç təşkilatının 1986-cı ilin oktyabr ayında keçirilən 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı adı təsdiqlənir.

154 il əvvəl yaradılan təşkilat bütün dünya üzrə fəaliyyət göstərərək münaqişələr və silahlı zorakılıq nəticəsində zərər çəkən insanlara, həmçinin müharibə qurbanlarını müdafiə edən qanunlar barədə bilikləri yayaraq yardım göstərir. O, müstəqil və bitərəf təşkilat olaraq 1949-cu il Cenevrə konvensiyalarında nəzərdə tutulan mandata sahibdir. Təşkilatın baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və onun 80-dən çox ölkədə təxminən 16 min əməkdaşı var. Əsasən hökumətlərin və milli Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin könüllü ianələri ilə maliyyələşir.

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti 95 illik böyük və zəngin tarixə malikdir. 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri səlahiyyətlərini icra edən general-leytenant Əliağa Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinə maddi yardım göstərilməsi üçün hökumətə müraciət edir. Bu müraciətin əsasında ilk dəfə hökumət tərəfindən müvafiq qərar qəbul olunur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra milli Qızıl Aypara Cəmiyyəti də öz inkişafının yeni dövrünə qədəm qoydu. 1994-cü il noyabrın 25-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işinin yaxşılaşdırılması haqqında” qərar qəbul etdi. Bu qərarla Azərbaycan Qızıl Aypara cəmiyyəti yeganə rəsmi təşkilat – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi kimi tanındı. 1995-ci il noyabrın 26-da Azərbaycan Qızıl Aypara cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyasının tamhüquqlu, daimi və bərabərhüquqlu üzvü seçildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti, həmçinin ölkədə baş verən təbii fəlakətlərdən zərər çəkən insanlara humanitar yardımlar edir. Onun maliyyə mənbəyi ilk növbədə üzvlük haqları, fiziki və hüquqi şəxslərin ianələri, həmçinin digər humanitar yığımlar hesabına formalaşır. Cəmiyyətin 220 mindən çox üzvü və təxminən 17 min könüllü əməkdaşı var.