Xəbərlər

Şimal bölgəsinə ekskursiya Qusar və qədim Quba ilə tanışlıqla davam edib + VİDEO

Qusar, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayon və bir şəhəri təmsil edən, ümumilikdə, 400-ə yaxın məktəblinin Azərbaycanın şimal qapısı sayılan Qusar və qədim Quba ilə tanışlığı davam edir.

AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl və Qubadlı rayonlarından olan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.

Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə böyük investisiyalar yatırılır. Həyata keçirilən layihələr həm iqtisadi, həm də geostrateji əhəmiyyət daşıyır. Bu il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu məhz belə layihələrdəndir. Belə böyük layihələrdən ölkəmizin bütün bölgələrinin dinamik inkişafına pay düşür.

Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. İsti aylarda gözəlliyi ilə gözoxşayan meşələri, qışda qara bürünmüş dağ və dərələri buraya gələnlərin diqqətini çəkir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır. Qusarda sahibkarlığın inkişafı istiqamətində işlər günbəgün genişləndirilir. Kənd təsərrüfatının inkişafının dəstəklənməsi məqsədilə fermer və sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, subsidiyalar ödənilir. Qusarın inkişafı turizm sahəsində özünü daha aydın büruzə verir. “Şahdağ” Turizm Mərkəzi bu sahədə xüsusilə fərqlənir.

Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar. Məktəblilərə buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Tur-aksiya iştirakçıları mərkəzin xidmətlərindən pulsuz yararlanmaq imkanı da qazanıblar.

Məktəblilər günün ikinci yarısında Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

Bərdə, Tərtər, Goranboy rayonlarını və Naftalan şəhərini təmsil edən məktəblərin şagirdlərindən ibarət qruplar isə noyabrın 13-də Quba rayonunun görməli yerlərini gəziblər. Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə yaxından tanış olublar.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər. Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.