Xəbərlər

Tur-aksiya iştirakçısı: Şimal bölgəsinin təbiəti füsunkar gözəlliyə malikdir

Dünən Quba, bu gün isə Qusarın görməli yerlərini gəzdik. Şimal bölgəsinin təbiəti füsunkar gözəlliyə malikdir. Dağlıq ərazilər çox xoşuma gəlir. “Şahdağ” Turizm Mərkəzi isə dağlar qoynunda möcüzədir. Dünyanın hər yerindən bura turistlər gəlir. Biz kanat yollarında gəzdik. Məlumat verildi ki, buradakı otellər yüksək səviyyəli xidməti ilə seçilir. Qar yağdıqdan sonra da burda olmaq istərdim.

 

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn Ağcabədi məktəblisi Günay Abışova söyləyib.

 

Üzeyir Hacıbəyov adına 7 nömrəli tam orta məktəbin şagirdi ekskursiyanın onların gələcək həyatında mühüm rol oynayacağını bildirib. “Tur-aksiya bizə bölgələrimizlə tanış olmaq imkanı yaratdı. Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq hər bir şagirdin tanımalı olduğu yerlərdir. Həmçinin ekskursiya zamanı yeni dostlar qazanmışam. Onlar başqa-başqa rayonlardandır”, - deyə Günay Abışova qeyd edib.