Xəbərlər

Məktəblilərə qış geyimləri verilib

Naxçıvan, 13 noyabr, AZƏRTAC


Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan məktəblilərə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə qış geyimləri təqdim olunub.


AZƏRTAC xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. 

    
Qeyd olunub ki, xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin təməlini cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi təşkil edir. Bu gün əminliklə demək olar ki, uşaq və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər edilib, uşaqların fiziki, intellektual və mənəvi inkişafının təminatı sahəsində əhəmiyyətli addımlar atılıb.


Sonda aztəminatlı ailələrdən olan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.


Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 45, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  sağlamlıq imkanları məhdud 281, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən 87 uşaq olmaqla, ümumilikdə, 413 məktəblini isti qış geyimi ilə sevindiriblər.