Təbiət

Yer üzərindəki ən böyük canlı nə ilə qidalanır

Bizim planetdə indiyə qədər yaşamış canlı məxluqlardan ən böyüyü olan mavi balina qreypfrutdan böyük heç nə uda bilmir. Mavi balinanın udlağı öz diametrinə görə kiçik boşqab boydadır. O, əsasən uzunluğu 6 santimetrdən çox olmayan xərçənglərlə qidalanır.


Mavi balina çox yavaş hərəkət edir və suyu müxtəlif kiçik canlılarla bərabər ağzına alır. Sonra dili ilə suyu balina bığlarından süzərək geriyə çıxarır, saçaqlarda qalan planktonları isə udur.


Yemlə və su ilə dolmuş nəhəng aşağı çənəsi o qədər ağır olur ki, mavi balina bəzən onu bağlamaqda çətinlik çəkir. Buna görə də çox vaxt ağzına yem aldıqdan sonra yanı və hətta arxası üstə çevrilməli olur və bu zaman çənə öz ağırlığının təsiri altında bağlanır. Balinaya sutka ərzində təxminən çəkisinin 3-4 faizi qədər yem lazım gəlir.


Bu nəhəng heyvanın çəkisi orta hesabla 100-120 tona, yəni 40 Afrika filinin ağırlığına bərabərdir. Onun təkcə dili fildən ağırdır. Uzunluğu təxminən 32 metrə çatan nəhəngin ürəyi avtomobil boydadır, mədəsində isə bir tondan artıq qida yerləşə bilər.


Arktikadan tutmuş Antarktidaya qədər bütün açıq dənizlərdə mavi balinaya rast gəlmək olur. Lakin onlar sahilyanı sulardan, həmçinin soyuq suları seçərək tropik qurşaqlardan uzaq durur. Mavi balinanın cənub yarımnövü soyuğa ən çox davamlı olanıdır. O, Antarktidanın üzən buzlarının yaxınlığındakı ərazilərdə məskunlaşıb. Mavi balinanın şimal yarımnövü isə Arktikanın üzən buzlarına qədər gedib çatmır.


Tənha həyat tərzi sürən balinaların özlərinə məxsus ünsiyyət forması mövcuddur. Onlar 1600 kilometrə qədər uzanan böyük məsafələrdə bir-biri ilə öz “mahnıları” sayəsində əlaqə qura bilir.