Tapmacalar

Mir Sabir. Tapmacalar

Evin bucağı,

Ana qucağı.

Qucaqda yatdı,

Tez boya çatdı.

(Beşik və körpə)

***

 

Göydən gələ-gələ,

Düşür gilə-gilə.

Tapın adı nədir?

Gərək hamı bilə.

(Yağış)

***

 

Görən deyir cansızam,

Mən qansoran qansızam.

Gölməçələr məskənim,

Tapın hansı vız-vızam?

(Ağcaqanad)

***

 

 

Bir sapım var, ucundan

Tutub getsən əgər sən.

Dünyanın hər yanına

Gedib çıxa bilərsən.

(Yol)

***

 

Uzaqdan par-par

Parıldayırsan.

Hey... gecə-gündüz

Şırıldayırsan.

Səs-küyün niyə

Hər yanı basıb.

Söylə kim səni

Qayadan asıb?

(Şəlalə)

***

 

Nə fildir, nə krandır,

O hansı pəhləvandır?

Özündən neçə dəfə

Ağır-ağır şeyləri

Qaldırıb aparandır?

(Qarışqa)

***

 

Nə əti,

Nə ayağı var.

Yaxşı paltar

Yumağı var.

(Paltaryuyan maşın) 

Mir Sabir