Xəbərlər

Polis maarifləndirmə tədbirlərini davam etdirir

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Hənifə kənd orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzularında görüş keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, RPŞ-nin rəisi E.Həsənov narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edib. Qeyd edilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Ölkəmizdə narkomaniyaya qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə də tədbirdə əsas müzakirə mövzularından olub.

 

Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Belə mənfi hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikah hallarına daha çox ucqar rayonlarda, xüsusilə kəndlərdə rast gəlindiyi üçün bu cür tədbirlərin məhz yerlərdə təşkilinin xüsusilə əhəmiyyəti olduğu qeyd edilib.

 

Sonra dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən, bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.

 

Sonda şagirdlərin sualları cavablandırılıb.