Təbiət

Xəzər nerpası suitilərin dünya faunasında mövcud olan 32 növündən ən kiçiyidir

Dünyadakı 121 növ dəniz məməlisindən yalnız biri Xəzər dənizində yaşayır. Bu, nəsli kəsilmək təhlükəsi altında olan və Qırmızı kitaba daxil edilən unikal endemik növ - Xəzər suitisidir (Xəzər nerpası).

 

Bundan başqa, Xəzər suitisi dünya faunasında mövcud olan 32 suiti növündən ən kiçiyi kimi “Ginnesin rekordlar kitabı”na da düşüb. Onun dişisi və erkəyi demək olar ki, eyni boydadır: bədənlərinin maksimal uzunluğu 160 santimetr, ən kök vaxtlarında çəkiləri 90-100 kiloqram.

 

Müxtəlif formalı və ölçülü çoxsaylı tünd ləkələr böyük suitilər üçün xarakterikdir. Yan və qarın hissələrdə ləkələr seyrəkdir və ya yoxdur.

 


Xəzər nerpasına sahilyanı şimal rayonlarından İran sahillərinə qədər dənizin hər yerində rast gəlmək olar. Qışda, baharın əvvəllərində və payızın sonlarında populyasiyanın əsas hissəsi Xəzərin şimalında cəmlənir, payızda Volqa və Ural çaylarının mənsəbinə daxil olur. Baharın sonlarında, yayda və payızın əvvəllərində isə suitilər Xəzər dənizinin orta və cənub hissəsində yaşayır.

 

Son 120 ildə tənzimlənməyən ov, dənizin çirklənməsi və digər faktorlar Xəzər suitilərinin sayının 1 milyondan 104 minə qədər azalmasına gətirib çıxarıb. Hazırda Xəzər dənizi və suitilər daha da artan antropogen təsirlərdən əziyyət çəkir.