Odlar Yurdu

Azərbaycan Respublikasının Qırmızı Kitabı

Qırmızı Kitab Azərbaycan ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları əks etdirir.


Qırmızı Kitab altı hissədən ibarətdir. Kitabda  nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli, 71 quş, 5 balıq, 16 amfibi (suda-quruda yaşayan) və 14 reptili (sürünənlər), 40 həşərat və 140 bitki növü haqqında məlumatlar yer alıb.


Qırmızı Kitaba daxil edilən bitki (flora) və heyvan (fauna) növləri iki kateqoriyaya bölünüb: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.


Yoxa çıxmaq kateqoriyasına bir sıra mənfi amillərin təsiri nəticəsində sayı əhəmiyyətli dərəcədə azalan növlər daxildir. Nadir növlərə isə sayı azalmağa doğru meyil edən və kiçik sahələrdə rast gəlinən, az öyrənilən, təbiətdə sayı və ehtiyatları haqqında lazımi məlumatlar olmayanlar aiddir. 


Qırmızı Kitab ilk dəfə 1989-cu ildə nəşr olunub. Qanunvericiliyə əsasən, kitabın hər on ildən bir nəşr olunması nəzərdə tutulub. Lakin onun nəşri 24 il gecikib. Belə ki, Qırmızı Kitabın ikinci nəşri 2013-cü ildə çapdan çıxıb. Yeni nəşrə 300 ali və ibtidai bitki, həmçinin göbələk və 223 fauna növü, onların yayılması, sayı və azalması haqqında məlumatlar daxil edilib.


Azərbaycanda Qırmızı Kitaba düşmüş bitki və heyvan növlərinin müdafiəsi üçün qoruqlar, yasaqlıqlar, milli parklar salınıb.