Bu maraqlıdır!

Helikopter necə uçur?

Uşaqların bir çoxu heç olmasa bir dəfə göydə uçan helikopter görüblər. Kiminsə radio siqnallar ilə idarə edilən oyuncaq helikopteri də ola bilər. Helikopter həm sürətlə hərəkət etmək üçün nəqliyyat vasitəsi ola, həm də müharibədə hərbi əməliyyatlarda iştirak edə bilər. O, elə uçur ki, adam həyəcanlanır və gözünü ondan çəkə bilmir. Bəs belə ağır dəmir aparat yerdən necə qalxır və lazım gələn istiqamətə necə uça bilir?


Gəlin bunu araşdıraq. Helikopterin üstünə nəhəng fırlanan pərli vint bərkidilib. O, qanad funksiyasını yerinə yetirir. Bu vint, daha kiçik digər vintlə birgə helikopteri yuxarı qaldıra, onu orada saxlaya və uçmağa məcbur edə bilir. Vint fırlanan zaman pərlər hava axınını tutur və helikopter aerodinamik gücün köməyi ilə uçur.


Aerodinamik güc – havanın helikopterin səthinə təsir etdiyi gücdür. Pərlərin helikopterin üzərində fırlanması sayəsində alçaq təzyiq zonası yaranır və hava hissəcikləri onu yuxarı itələyir. Helikopter pərləri ilə havanı yararaq irəliyə doğru hərəkət edir. Əsas vint helikopteri düz istiqamətdə uçmağa yönəldir. 


Vintin maililiyi zamanı aerodinamik güc dəyişir. Bunun sayəsində helikopter nəinki irəliyə, həm də yanlara və hətta arxaya doğru hərəkət edə bilir. Bəs helikopteri yana uçmağa məcbur etmək üçün vinti maili şəklə necə gətirmək olar? Bunu üçün həmlə bucağını dəyişmək lazımdır. Həmlə bucağı nədir?

 

Vintin hər bir pəri öz oxu ətrafında fırlana bilir. Həmlə bucağı – pərin havanın əksinə “siyrilməsinin” ölçüsüdür. Pilot bütün pərlərin həmlə bucağını eyni zamanda artırdığı zaman helikopter havaya qalxır, həmlə bucağı azalan zaman isə aşağı enir.

 

Helikopterin burnu üzərindən keçən pərin həmlə bucağı artanda, müvafiq olaraq arxa pərin həmlə bucağı azalacaq və helikopter arxaya doğru hərəkət edəcək. Əgər helikopterin sol tərəfindəki pərin həmlə bucağı artsa, helikopter də sağ tərəfə uçmağa başlayacaq.


Helikopteri təcrübəli pilot idarə edən zaman o, hətta başıaşağı da uça bilər. Əslində helikopter bu şəkildə uzun müddət uça bilmir, yalnız havada müxtəlif fiqurlar yaradır. “Dombalaq aşmaq” üçün helikopterə aerodinamik güc kifayətdir.

 

Əgər helikopteri təyyarə ilə müqayisə etsək, çox sayda fərq görərik. Uçmaq üçün təyyarə sürət yığmalıdır, o, havada şaquli şəkildə dayana bilmir və daim irəli hərəkət etməlidir. Helikopter isə, məsələn, binanın damından havaya qalxa və nə qədər istəsə havada hərəkət etmədən dayana bilər. Bu xüsusiyyət helikopterdən həyatımızın bütün sahələrində istifadə etməyə imkan verir.