Təbiət

Tanqanika – planetimizin bütün şirin su göllərinin ən böyüyü

Tanqanika (bantu dilli qəbilələrin dilindən tərcümədə “balıqla bol su” mənasına gəlir) Afrikanın ən məşhur gölüdür. Dəniz səviyyəsindən 773 metr hündürlükdə yerləşən “Afrika mirvarisi” planetimizin bütün şirin su göllərinin ən böyüyüdür.

 

O, şimaldan cənuba 673 kilometr uzanır ki, bu da Baykal gölünə nisbətən 40 kilometr çoxdur. Gölün eni orta hesabla 72 kilometr, orta dərinliyi isə 570 metrdir. Tanqanika gölünün maksimal dərinliyi 1470 metrə çatır və o, bu göstəriciyə görə dünyada ikinci yeri tutur. Şirin su həcminə görə (18,9 min kub kilometr) də ikinci olan Tanqanikanın səthi 32,9 min kvadratkilometrdir.

 


İngilis tədqiqatçıları Riçard Berton (1821-1890) və Con Spik (1827-1864) Tanqanika gölünü 1858-ci ildə kəşf ediblər.

 


Böyük su hövzəsi şimaldan cənub-qərbə doğru uzanır və dörd ölkə - Burundi, Konqo Demokratik Respublikası, Zambiya və Tanzaniya ilə əhatə olunur. Atlantik okeanı ilə əlaqə Lukuqa və Konqo çayları vasitəsi ilə həyata keçirilir. Mütəxəssislər su hövzəsinin yaşının 10-12 milyon il olduğunu güman edirlər. Viktoriya gölündən fərqli olaraq, o, heç vaxt qurumayıb. Bunun səbəbi şirin su hövzəsində dünyanın heç bir yerində rast gəlməyən unikal təbii mühitdir.

 


Gölün flora və faunası iki mindən çox heyvan və bitki növü ilə təmsil olunur. ən zəngin şirin su ekosisteminə malik olan Tanqanikada qədim dövrlərdən qalan və yalnız burada rast gəlinən (endemik) 600 heyvan və bitki növü var. Böyük dərinliyi və təbii cərəyanların olmaması hesabına göldə tam həcmli su dövranı yoxdur. Bu, aşağı su laylarında hidrogen sulfidinin yüksək konsentrasiyasına səbəb olur. 200 metr dərinlikdən aşağı “ölü zona” başlayır. Burada oksigen olmadığı üçün heç bir həyat da mövcud deyil.

 

 

Lakin suyun səthinə yaxın çox sayda müxtəlif balıq növləri yaşayır. Burada təkcə Tsixlosomlar fəsiləsinə aid 250 növ var ki, onların da 98 faizi endemikdir. Uzunluğu 2,5 santimetrdən 1 metrə qədər dəyişən bu balıqlara sahil xətti boyu suyun 180 metr dərinliyinə qədər rast gəlmək olur. Onlardan bəziləri akvarium balıqları kimi böyük maraq kəsb edir.

 


Təkrarolunmaz və dəyişkən landşaftı sayəsində “Afrika mirvarisi” materikin bitki və heyvanat aləmi ilə maraqlanan turistlər üçün gözəl məkan sayılır.