Xəbərlər

Sağlamlıq imkanı məhdud olanlar üçün tifloşərhlər hazırlanıb + VİDEO

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Əlillər və sağlamlıq imkanları məhdud (görmə imkanları məhdud olan) uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində tifloşərhlə “Nurlu an” multfilmi və Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediya filmini hazırlayıb.

 

Layihənin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi, "Nurlu an" sosial çarxın müəllifi Elçin Sərdarovun AZƏRTAC-a verilən məlumatına görə, layihə çərçivəsində əlilliyi olanların cəmiyyətə inteqrasiyası, onlara göstərilən qayğı və bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, Brayl əlifbası və taktil lenti haqqında məlumat verilir. Həmin layihəyə uyğun olaraq əlilliyi olan uşaqlar teatr və idman məşğələlərinə cəlb ediliblər. Görmə imkanları məhdud olanların iştirakı ilə teatr tamaşası səhnələşdirilib.

 

Filmlərin əlaqələndiricisi İradə Rizazadənin verdiyi məlumata görə, həyata keçirilən layihə görmə imkanları məhdud olanların həyat haqqında təsəvvürlərinin yaradılmasına və onların cəmiyyətə inteqrasiyası istiqamətində zəruri bilikləri mənimsəmələrinə xidmət edir. Məqsəd görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və dünyagörüşlərinin artırılması, teatr təsəvvürlərinin güclənməsinə nail olmaq və Avropada geniş yayılmış tifloşərhlərin Azərbaycanda geniş tətbiqi üçün addımlar atılmasıdır.