Bu maraqlıdır!

“Nəhəng qırmızı ada” – Madaqaskar

Madaqaskar dünyanın ən böyük dördüncü adasıdır. O, Hind Okeanında, Afrikanın şərq sahilində yerləşir və qitədən Mozambik boğazı ilə ayrılır. Adanın uzunluğu təxminən 1600 kilometr, eni 600 kilometrdən çox, sahəsi isə 587 040 kvadratkilometrdir.

 

Ada şərti olaraq beş regiona - Şərq sahilləri, Saratanana dağ massivi, Mərkəzi yayla, Qərb sahilləri və Cənub qərb regionlarına bölünür. Adada Madaqaskar dövləti yerləşir (paytaxtı Antananarivu). Madaqaskar Respublikası bir adanı əhatə edən ən böyük dövlətdir.

 

Adanın iqlimi cənub-şərq passatı və Cənubi Hindistan antisiklonu tərəfindən formalaşır. Burada üç iqlim qurşağı: şərq sahillərində tropik musson iqlimi, mərkəzi yaylada subtropik musson iqlimi və adanın cənub qurtaracağındakı səhrada quraqlıq iqlimi mövcuddur.

 

Madaqaskarda üç iri göl - Alautra (900 kvadratkilometr), Kinkuni (100 kvadratkilometr) və İhutri (96-112 kvadratkilometr) gölləri yerləşir. Şərqdəki Maninquri çayı öz mənbəyini Alautra gölündən götürür.


Madaqaskarın laterit formasiyaları səbəbindən onu bəzən “Nəhəng qırmızı ada” da adlandırırlar. Qırmızı torpaq bütün mərkəzi yaylada üstünlük təşkil edir, lakin keçmişdə vulkanik aktivliyin olduğu ərazilərdə minerallarla daha da zəngin torpaqlar müşahidə edilir. Qərb sahilləri boyu gil, qum və əhəngə rast gəlinir.


Təxminən 88 milyon il bundan öncə Qondvana super qitəsi parçalandıqdan sonra Madaqaskar Hindistandan ayrılıb və bu amil yerli bitkilərin və heyvanların nisbətən təcrid olunmuş şəraitdə inkişaf etməsinə səbəb olub. Unikal şərtlər sayəsində Madaqaskarda dünyanın digər hissələrində nəsli tükənən növlər yaşayıb.


Adanın füsunkar heyvanat aləmi məməlilər, sürünənlər, amfibiya və quş növlərinin müxtəlifliyi ilə insanı valeh edir. 1999-2010-cu illərdə alimlər burada 615 yeni növ, o cümlədən 41 məməli və 61 sürünən heyvan növü aşkarlayıblar.


Madaqaskar lemurlar ailəsinin yaşadığı yeganə yerdir. Adanın heyvanat aləmi buqələmun növlərinin yarısının (təxminən 150 növ) doğma evidir. Burada dünyanın digər yerlərində görə bilməyəcəyiniz çox sayda ilan da var. Nil timsahının ən iri növlərindən biri də Madaqaskarda yaşayır.

 

Bir vaxtlar bu növ şirin su hövzələrində geniş yayılmışdı, lakin uzun illər dərisinə görə ovlandığı üçün hazırda onlar nadir heyvana çevrilib. Adada, həmçinin çox sayda tısbağa da mövcuddur, məsələn, uzunluğu cəmi 10 santimetr olan hörümçək tısbağası və ya çox nadir rast gəlinən Madaqaskar dimdik-sinəli tısbağa məhz burada məskunlaşıb.


Adanın həşərat növləri də müxtəlifliyi ilə fərqlənir. Burada qeyri-adi iri ölçülərə malik unikal kəpənəklər yayılıb. Onların arasında dünyanın ən iri kəpənəyi var. Kometa adlanan bu kəpənəyin əlvan qanadları 20 santimetrə çata, quyruğu isə 15 santimetrə qədər uzana bilir.


Madaqaskarı əhatə edən Hind Okeanının ilıq suları müxtəlif növ balıq növləri ilə də zəngindir.