Nağıllar, hekayələr

Rəvayətli ifadələr

Dilimizdə elə ifadələr var ki, onların mənası ilə həmin ifadəyə daxil olan sözlərin mənası arasında əlaqə olmur; məsələn, “dağı dağ üstə qoymaq” ifadəsi “hünər göstərmək” mənasında işlənir. Bu ifadənin “dağ” sözü ilə birbaşa məna əlaqəsi yoxdur. Bir çox belə ifadələr müəyyən rəvayət və ya lətifə ilə bağlıdır.


Rəvayətli ifadələrin çoxluğu xalqın qədimliyinə, mədəniyyətinin və dilinin zən ginliyinə dəlalət edir. Dilimizdə işlənən belə ifadələrin çoxu müəyyən tarixi hadisə, rəvayət və ya milli adət-ənənələrlə bağlıdır. Onların tarixçəsini, yəni mənşəyini bilsək, daha dərindən dərk edər, həmin ifadələri düzgün və yerində işlədərik.


Şeirin qol-qabırğasını sındırma! 
Kimsə hər hansı bir şeiri yarımçıq, təhrif olunmuş şəkildə deyərkən onu qınayaraq deyirlər: “Şeirin qol-qabırğasını sındırdın”. Bu ifadənin meydana çıxması maraqlı bir rəvayətlə bağlıdır. Rəvayətə görə, məşhur fars-tacik şairi Sədi Şirazi bir gün yol ilə gedirmiş. Birdən yol kənarında bir kərpickəsən kişinin onun şeirlərini alayarımçıq, necə gəldi zümzümə etdiyini eşidir. Şair bir söz deməyib kişinin qurutmaq üçün yol qırağına düzdüyü çiy kərpiclərin üstünə çıxır və onları tapdalamağa başlayır.
Kərpickəsən bunu görüb hay-həşir salır:
– A kişi, dəli olmusan?! Bu yazıq kərpiclərin günahı nədir ki, onların qol-qabırğasını sındırırsan?! Axı mən bunlara xeyli zəhmət çəkmişəm! 
Sədi cavabında deyir: 
– Bəs mənim o yazıq şeirlərimin təqsiri nədir ki, sən onların qol-qabırğasını elə sındırırsan? Məgər mən onların üzərində zəhmət çəkməmişəm?! 

 

Karın könlündəki...

Bəzən insan söhbət zamanı mövzudan asılı olmayaraq öz fikrində tutduğunu deyəndə “karın könlündəki” ifadəsi işlənir. Bu ifadə ilə bağlı belə bir əhvalat var. Ağır eşidən bir adam xəstə qohumunu yoluxmağa gedirmiş. O, yolla gedə-gedə xəstəyə verəcəyi sualları və alacağı cavabları götür-qoy edir. Öz-özünə düşünür: “Mən xəstənin yanına gedib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında “Şükür Allaha” deyəcəyəm və xəbər alacağam ki, onu hansı həkim müalicə edir. Sözsüz ki, o, həkimin adını çəkəcək. Onda mən “Qədəmi xoş olsun, əli yüngül olsun!” deyəcəyəm. Sonra iştahasından söhbət salıb nə yediyini soruşaram. O, xörəyin adını çəkən kimi “Nuş canın olsun” deyib söhbəti qurtararam, xudahafizləşib evə qayıdaram”. Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur: 
– Ay qardaş, olmasın azar, necəsən? 
Xəstə ağrıdan inildəyərək deyir: 
– Ölürəm, ay dost, deyəsən, vaxtım çatıb! 
Kar üzünə şadlıq ifadəsi verib tez deyir: 
– Bıy, Allaha şükür. 
Bəs yanına hansı həkim gəlib-gedir? 
Xəstə gözləmədiyi bu sözlərdən acıqlanıb deyir: 
– Kim gələcək?! Әzrail! 
– Ayağı yüngül olsun, – deyə kar çığırır, – bəs nə yeyirsən? 
Әsəbiləşib özündən çıxmış xəstə cavab verir: 
– Zəhrimar! Nə yeyəcəyəm?! 
Kar: “Nuş canın olsun!” – deyib öz vəzifəsini bitmiş hesab edir. 
Tez xudahafizləşib xəstənin yanından çıxır.

 

Süleymana qalmayan dünya...

Әfsanəyə görə, Süleyman peyğəmbər təbiətin bütün qüvvələrinə hökm edir, hətta heyvanların dilini bilirmiş. Bir sözlə, Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu yox imiş. Lakin hamı kimi o da bir gün dünyasını dəyişir. Vəfatından əvvəl Süleyman peyğəmbər tuncdan uca bir qəsr tikdirir. Həmin qalanı görmək çox az adama nəsib olub. Çünki o, yaşayış yerlərindən uzaq, insan ayağı dəyməyən bir səhralıqda tikilmişdi. Lakin onu görmək üçün uzaq yol qət edən insanlar qala divarlarında peyğəmbərin həkk etdirdiyi bir yazını oxuya bilərdilər: “Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyə idi. Bu qalanı tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz...” Məhz bu son cümlədən də “Süleymana qalmayan dünya” ifadəsinin yarandığı ehtimal olunur.