Bu maraqlıdır!

Dünyada neçə okean var?

Yerin ikinci adı - “mavi planet” təsadüfən yaranmayıb. İlk kosmonavtlar Yeri kosmosdan görəndə, planetimiz onların qarşısına məhz mavi rəngdə çıxmışdı. Bəs nəyə görə planetimiz yaşıl deyil, mavi görünür? Çünki Yer səthinin 3/4 hissəsi Dünya okeanının mavi suları ilə əhatələnib.


Dünya okeanı – Materikləri və adaları əhatə edən Yerin su örtüyü. Onun iri hissələri okeanlar adlanır. Cəmi dörd okean var: Sakit Okean, Atlantik Okeanı, Hind Okeanı və Şimal Buzlu Okeanı. Son zamanlarda isə alimlər Cənub Okeanını ayırırlar.


Dünya okeanında su qatının orta dərinliyi 3700 metrdir. Ən dərin nöqtə Marian çökəkliyində yerləşir – 11 min 022 metr.


Bütün dörd okeanın ən böyüyü olan Sakit Okean öz adını Maqellanın rəhbərlik etdiyi dəniz səyyahları onu keçən zaman inanılmaz dərəcədə sakit olduğu səbəbindən alıb. Sakit Okeanın digər adı – Böyük Okeandır. O, həqiqətən də nəhəngdir – Dünya okeanı sularının 1/2 hissəsi onun payına düşür, Sakit Okean Yer səthinin 2/3 hissəsini tutur.


Sakit Okeanın suları son dərəcə təmiz və şəffafdır, əksər hallarda tünd-göy, bəzən isə yaşıl rəngə çalır. Suyunun duzluluq dərəcəsi ortadır. Bu okean çox vaxt sakitdir, üzərindən mülayim küləklər əsir. Burada demək olar ki, qasırğa baş vermir. Sakit okean üzərində hər zaman təmiz ulduzlu səma görünür.


Atlantik okeanı – böyüklüyünə görə Sakit Okeandan sonra ikinci yerdə gəlir. Onun adının mənşəyi dünya alimləri arasında hələ də mübahisə obyektidir. Versiyalardan birinə görə, Atlantik okeanının adı Yunan mifologiyasının nümayəndəsi titan Atlantın şərəfinə qoyulub. İkinci versiyanın tərəfdarları iddia edirlər ki, o öz adına görə Afrikada yerləşən Atlas dağlarına borcludur. Ən “gənc” - üçüncü versiyaya görə isə Atlantik okeanı itən sirli Atlantida materikinin şərəfinə belə adlandırılıb.


Sularının duzluluğu digər okeanlardan yüksəkdir. Flora və faunası zəngindir, alimlər burada hələ də elmə məlum olmayan nümunələr aşkarlayırlar. Onun soyuq hissəsində balina və kürəkayaqlılar kimi fauna nümayəndələrinin maraqlı nümayəndələri yaşayır. İsti sularında isə kaşalot və dəniz pişiklərini görmək olar.


Atlantik okeanının unikallığı ondadır ki, sularında axan və Avropanın əsas “sobası” adlanan Qolfstrim cərəyanı bütün dünyanın iqliminə “cavabdehdir”.


Çox sayda nadir flora və fauna növlərinin yaşadığı Hind okeanı böyüklüyünə görə üçüncü yerdə qərarlaşıb. Tədqiqatçıların fikrincə, burada dəniz səyahətləri təxminən 6 min il bundan öncə başlayıb. Hind okeanının ilk dəniz səyyahları olan ərəblər buranın ilk xəritəsini də cızıblar. Onu sonradan Vasko de Qama, Ceyms Kuk da tədqiq edib.


Hind okeanına az çay axdığı üçün suları təmiz, şəffaf və inanılmaz dərəcədə gözəldir, bəzən tünd-mavi, bəzən isə yaşıl rəngə çalır.


Ən kiçik, ən soyuq və Dünya okeanının bütün beş hissəsindən ən az tədqiq olunan Şimal buzlu okeanı Arktikada yerləşir. Okean yalnız XVI əsrdən - dəniz səyyahları zəngin şərq ölkələrinə qısa yol tapmaq istədikləri vaxtdan tədqiq olunur. Onun orta dərinliyi 1225 metr, maksimal dərinliyi isə 5527 metrdir.


Şimal buzlu okeanının suları balıqla, torpaq qatları isə faydalı yataqlarla zəngindir. Burada suiti yaşayır, sahillərində quşlar səs-küylü “quş bazarına” yığışır. Sularının səthində üzən buzlar və aysberqlər bu okeanın xarakterik əlamətidir.


2000-ci ildə alimlər Dünya Okeanının beşinci hissəsinin də mövcud olduğunu isbat etməyə müvəffəq olublar. O, Cənub okeanı adlanır və Şimal buzlu okeanından başqa bütün okeanların Antarktida sahillərini yuyan cənub hissələrini özündə birləşdirir. Bu, Dünya okeanının ən gözlənilməz hissələrindən biridir. Cənub okeanı üçün dəyişkən hava şəraiti, güclü küləklər, siklonlar xarakterikdir.


Dünya okeanı nəhəngdir, onun sirlərinin çoxu indiyə qədər də açılmamış qalır və kim bilir, bəlkə onların bəzilərini açmaq sizə müyəssər oldu.