Xəbərlər

Paytaxtdan Qubanın ucqar kəndinə gələn gənc müəllim şagirdlərin sevimlisinə çevrilib

Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC

 

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarından uğurla keçən 169 müəllim bu tədris ilindən Quba rayonunda işlə təmin olunub. Onlardan 83-ü Bakıdan, eləcə də digər şəhər və rayonlardan gələn müəllimlərdir. Həmin pedaqoqların əksəriyyəti dağ kəndlərindəki ümumtəhsil məktəblərində çalışır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pedaqoji fəaliyyətə bu ildən Qubanın Rustov kənd tam orta məktəbində başlayan Könül Əzizəliyeva Bakı şəhər sakinidir. Gənc müəllim ingilis dili fənnini tədris edir.

Xarici dilə kiçik yaşlarından böyük maraq göstərən K.Əzizəliyeva orta təhsilini 271 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub. Ali təhsilini bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Quba rayonunun Rustov kənd tam orta məktəbinə təyinat alıb. Qısa müddətdə şagirdlərin sevimlisinə çevrilib.

“Müəllimlik ən şərəfli peşələrdəndir. İşini sevən insan üçün onun harada fəaliyyət göstərməsi önəmli deyil - paytaxtda, rayonda və ya hansısa ucqar kənddə. Düzdür, bəzi çətinliklər olur. Amma istənilən halda çalışıram ki, şagirdlərə yüksək keyfiyyətli təhsil verim. Müasir texniki imkanlardan istifadə edərək məktəblilərdə dərslərə daha çox maraq oyatmağa çalışıram”, - deyə gənc müəllimə müsahibəsində vurğulayıb.

Könül Əzizəliyeva daimi yaşayış yerindən uzaqda, ucqar kənddə işləməkdən xüsusi zövq aldığını deyir. Gənc pedaqoq dərsdən sonrakı vaxtını da səmərəli keçirməyə çalışır. Özünə yemək bişirir, çay dəmləyir və növbəti dərs gününə hazırlaşır.

“Mən burada ailəvi dostumuzun evində yaşayıram. Artıq onların ailə üzvünə çevrilmişəm. Dərsdən sonra qaldığım evin sakinləri ilə ailə-məişət qayğılarını bölüşməyə çalışıram. Zehni gərginliyi azaltmaq üçün fiziki işlə də məşğul oluram. Bəzən gənc pedaqoqlar rayon yerlərində işləməkdən çəkinirlər. Onlara tövsiyə edirəm ki, ən ucqar kənddə olsa belə, sevimli peşələri ilə məşğul olsunlar. Bu gözəl hissi yaşamağa dəyər”, - deyə Könül Əzizəliyeva bildirib.

Qeyd edək ki, ucqar kəndə təyinat alan gənc müəllimlərə dövlət tərəfindən müəyyən imtiyazlar nəzərdə tutulub.

Bu tədris ilində Quba rayonuna 170-ə yaxın müəllim təyinat alsa da, təhsil ocaqlarında 150-dən çox vakant iş yeri qalmaqdadır.