Xəbərlər

Ucqar dağ kəndində çalışan gənc müəllimə: Bu şərəfli ada layiq olmağa çalışmalıyıq

Gülnar İsmayıl gənc müəllimədir. Əslən Laçınlı olan gənc xanım 1994-cü ildə Bakıda doğulub, boya-başa çatıb. Özünün dediyi kimi, müəllimliyə həvəsi elə böyük olub ki, ucqar dağ kəndində işləməkdən belə çəkinməyib. Axı niyə də çəkinsin? Azərbaycan dövlətinin gənclərə yüksək diqqət və qayğısından daha da ruhlanan Gülnar ucqar dağ rayonu Daşkəsənə təyinat alıb. Hazırda o, Daşkəsənin Dəstəfur kəndində sevdiyi peşə üzrə çalışır, savadlı gənc nəslin yetişməsinə öz töhfəsini verir.

 

AZƏRTAC xəbər verir ki, Gülnar Laçın şəhər 7 nömrəli orta məktəbi bitirdikdən sonra 2011-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2016-cı ildə universiteti bitirib, müəllimlərin işə qəbul proqramı ilə maraqlanıb. “Proqram üzrə hazırlaşdım, nəticəm də yaxşı oldu. Ötən il Daşkəsən rayonunun Dəstəfur kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təyinat aldım. Düzünü desəm, bu kəndi tanımırdım. Daşkəsənin başqa kəndlərində olmuşdum, amma bu kənddə yox. İlk vaxtlar rəfiqələrim tez-tez sual verirdilər ki, nəyə görə bu kəndi seçmişəm? Hər dəfə də eyni cavabı verirdim: buranın təbiətinə, təmiz havasına, insanların səmimiyyətinə görə. Mənim valideynlərim də dağ rayonundandırlar. Elə onların məsləhəti ilə artıq mənim üçün doğmalaşan bu kəndə müəllim kimi gəlməyə razılıq verdim. Valideynlərimlə birgə kənddə məskunlaşdıq”, - deyə Gülnar bildirir.

 

Həyatda çoxları çətinliklərə tab gətirə bilməyəcəyindən həlledici məqamlarda qərar verə bilmir. Ancaq Gülnar onlardan fərqli düşünür: “Mən qarşılaşdığım, yaxud da qarşılaşa biləcəyim bütün çətinliklərə sinə gərmək istəyirəm. Biri var ki, çətinliyi uzaqdan seyr edəsən, biri də var, o çətinliyin içinə düşüb onu yaşayasan”.

 

Dəstəfur kəndində məktəbə ilk gəlişini xatırlayan gənc müəllimə deyib: “Məktəbə ilk dəfə gedəndə uşaqlar həyətdə oynayırdılar. Məni görəndə çox sevindilər. Məni tanımadıqları halda “Müəllimə, nə yaxşı ki, bizim məktəbimizə gəldiniz” deməyə başladılar. Bundan çox təsirləndim. Onlar heç bilmirdilər mən burada qalacağam, ya gedəcəyəm. Amma məni tanımadıqları halda çox sevinmələri məni daha da həvəsləndirdi”.

 

Gülnarın kənddə məskunlaşmasına, məktəbə alışmasına təhsil ocağının direktoru Dunay müəllim çox kömək edib. Deyir ki, kəndə təyinat alarkən məktəbin direktorunun belə qayğıkeş insan olacağını heç düşünməyib. “Ümumiyyətlə, mənə görə müəllim həm də psixoloq olmalıdır, uşaqların psixologiyasını bilməlidir. Bizim müəllimimizin bir sözü var. Deyir, insan ən gec yetişən meyvədir. Bu, həqiqətən belədir.

 

Uşaqlar həmişə özlərinə qarşı diqqət, qayğı istəyirlər. Fikrimcə, müəllim təkcə öyrədən deyil, həm də yol göstərən olmalıdır. Biz uşaqlarla təkcə məktəbdə yox, evdə də məşğul oluruq”, - deyə Gülnar İsmayıl bildirir.

 

Kənddə vaxtının boş keçmədiyini deyən gənc müəllimə bundan zövq alır. İlk günlərdə kitab oxumaqdan, uşaqlarla keçirdiyi vaxtdan əlavə boş vaxt tapa bilməyəcəyini düşünən Gülnar heç də belə olmadığını deyir. O, boş vaxtlarında atası ilə şahmat oynayır, meşəyə gedir, bulaqdan su gətirir. Hətta atasına odun doğramaqda kömək edir, ocaq qalamağı da öyrənib. Şəhər mühitində böyüyən bir insan üçün bu, bəlkə də çətin görünür. Onun sözlərinə görə, çətinlikləri yaşayıb, onu həll etmək lazımdır.

 

“Heç kim çətinlikdən qorxmamalıdır. Şəhərdə böyüyən qız gəlib ucqar dağ kəndində yaşaya bilirsə, deməli, hər kəs bunu edə bilər”, - deyən Gülnar İsmayıl qeyd edib ki, gələcəyimiz olan uşaqların bilikli, vətənpərvər yetişdirilməsi hər bir müəllimin borcudur. Bu peşəni seçən hər bir kəs əlindən gələni etməlidir ki, sözün əsl mənasında, müəllim adına layiq olsun.