Şeirlər

"Nə olar, yağsana qar!" Gülzar İbrahimova

Var mənim yun əlcəyim,
Qar yağmır ki geyinim.
Qışa hazıram, tamam,
Amma qışa mən matam:

Gözləyirəm yağmır qar,
Heç qarsız da qış olar?
Həsrətdədir uşaqlar,
Nə olar, yağsana Qar!

Var mənim sənə sözüm,
Həsrətdə qalıb gözüm.
Qar, gəl, yağ başımıza,
Biz çataq arzumuza!

Səhər oyanaq görək,
Hər tərəf olub ağ qar.
Evlərin damlarından,
Sallanır yekə buzlar.

Şən-şən qışqıraq “Uraaa!”,
Xəbər verək hamıya,
- Dostlar, çıxın bayıra,
Tez qara baxın, qara!

Gözəl qar, tez gəl, tez yağ,
Hər yan olsun ağappaq!
Gəlişinə sevinək,
Qara “Xoş gəldin!”, deyək!

Gülzar İbrahimova