Xəbərlər

“Azərpoçt” beynəlxalq epistolyar inşa müsabiqəsinə start verib

“Azərpoçt” beynəlxalq epistolyar inşa müsabiqəsinə start verib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Təhsil Nazirliyi ilə birgə təşkil edilir. 
 
Müsabiqəyə biri ÜPİ tərəfindən olmaqla 3 mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular müəyyən olunub. Belə ki, “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə inşa müsabiqəsində respublika məktəbliləri öz bilik və bacarıqlarını sınayacaqlar. 
 
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
 
1-ci yer – 3 nəfər – hər biri 150 manat        (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri  100 manat       (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat         (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat  (hər bir mövzu üzrə 4 nəfər)
 
Müsabiqəyə təqdim edilən inşa yazıları aprelin 1-dək yerli rayon poçt filiallarına, şəhər poçt filialları üzrə isə “Azərpoçt” MMC-nin mərkəzi filialına - Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir:
 
ÜPİ-nin təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə, Bern şəhərinə göndəriləcək. 
 
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq  olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. 
 
Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunur. 
 
Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur. 
 
Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Ümumdünya Poçt Günü keçirilir. 
 
Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.