Təbiət

Qarışqalar “təcili tibbi yardım” göstərə bilirlər

Qarışqalar və arılar çox kiçik olsalar da, onlar çox maraqlı yaşayış tərzinə və sosial qabiliyyətə malikdirlər, yuvada hər bir fərd dəqiq vəzifə daşıyır. Alimlər koloniyada ayrı-ayrı fərdlərin birgə fəaliyyəti əsasında bu cür vəhdət halında yaşayış formasını superorqanizm adlandırırlar. 


Qarışqalar üzərində müşahidə aparan alimlər tez-tez onların həyat tərzi, yaşadıqları şəraitə adaptasiya olunmuş bacarıqları və ağıllı rəftarları ilə rastlaşırlar. Misal üçün, Fici adalarında qarışqalar kofe dənələrini başqa ağacların gövdəsində yerləşdirir, ona qulluq edir və gübrələyirlər. Qarışqalar yetişmiş kofe kolundan həm nektar əldə edir, həm də onun sıx budaqları arasında özlərinə yuva qururlar.

 

Avropada bəzi qarışqa növləri yarpaq bitlərinin ifraz etdiyi şirə ilə qidalanırlar, buna görə də onlar bu bitləri bir növ öz ev heyvanları kimi digər həşəratların hücumundan qoruyurlar. Yaxud da Cənubi Amerikada yaşayan Amazon qarışqaları digər qarışqa koloniyalarına hücum zamanı əldə etdikləri yumurtaları öz yuvalarına daşıyır, yumurtadan çıxan qarışqaları “kölə” kimi işlədirlər.


Bu yaxınlarda Almaniyanın Vüstsburq şəhərindəki Yulius Maksimilian Universitetinin alimləri maraqlı araşdırma aparıblar. Onlar sübuta yetiriblər ki, qarışqalar həmçinin yaralı həmnövlərinə təcili yardım göstərmək qabiliyyətinə də malikdirlər. 


Afrikada Saxara səhrasının cənubunda yayılmış Matabele qarışqası  (megaponera analis) üzərində aparılan araşdırmalar göstərib ki, yaralanmış qarışqa havaya xüsusi ferromon adlı kimyəvi maddə buraxır və bu şirənin iyini alan xüsusi sanitar qarışqalar öz yoldaşlarının köməyinə tələsirlər.

 

Yuvaya gətiriləndən sonra yaralı qarışqanın zədəsini yalayaraq təmizləyir, özlərinin ifraz etdikləri xüsusi antimikrob maddəsini yaranın üzərinə çəkir və beləliklə yaralı sahəyə göbələk və ya bakteriyaların düşməsinin qarşısını alırlar. 


Yırtıcı həyat tərzinə malik Matabele qarışqaları termit adlı həşəratları ovlamaqla qidalanırlar. Termitlər üzərinə hücumlar zamanı yaralanan qarışqalar öz dostları tərəfindən taleyin ümidinə buraxılmırlar. Yaralı qarışqanın həyəcan siqnalını alan sanitar qarışqalar onu “döyüş meydanı”ndan çıxararaq dərhal öz yuvalarına aparırlar. Yaranın müalicəsi isə bir neçə dəqiqə davam edir.


Təcrübə üçün alimlər yaralı qarışqaların bir hissəsinə yardım göstərilməsinə imkan verməyiblər. Sanitar qarışqalar tərəfindən yardım göstərilməyən yaralı qarışqaların 80 faizi az müddət sonra ölüb. Yardım göstərilən qarışqalarda isə cəmi 10 faiz ölüm halı qeydə alınıb.


Həmçinin müşahidə edilib ki, ağır yaralanmış qarışqalara sanitar qarışqalar kömək etmirlər. Bu barədə qərarı isə sanitar qarışqalar deyil, ağır yaralanmış qarışqa verir: onun köməyinə gələn sanitar qarışqalara müqavimət göstərir və yuvaya daşınmasını istəmir.

 

Bununla da onlar xilas edilmələri üçün enerji sərf olunmasının qarşısını alırlar. Yüngül yaralı qarışqaların isə yuvaya aparılarkən sakit olmaları alimlərə onların müalicəyə razı olmaları kimi dəyərləndiriblər.


“Davakar” Matabele qarışqalarının həyatında yuxarıda təsvir edilən “təcili tibbi yardım” sistemi mühüm əhəmiyyət daşıyır. Belə bir yardımın göstərilməsi koloniyadakı qarışqaların sayının kəskin azalmasının qarşısını alır. Alimlər hesab edirlər ki, digər növ qarışqalarda da öz yaralı yoldaşlarına təcili yardım formaları mövcuddur.