Bu maraqlıdır!

Feyxoa haqqında maraqlı məlumatlar

Əslində feyxoa Cənubi Amerika mənşəli bitkidir. Azərbaycan sanki feyxoanın ikinci vətənidir. Subtropik iqlimə malik Lənkəranda, hətta qeyri-subtropik iqlimli Gəncədə və Göyçayda feyxoa becərilir.


Feyxoa 2-5 metr hündürlüyündə həmişəyaşıl kol (və ya ağac) bitkisidir. Budaqları bozumtul-sarı rəngdədir. Ellips şəkilli qalın dəricikli, üst səthi zeytunu-yaşıl rəngli və parıltılı yarpaqları, uzun saplaqlar üzərində yerləşən xoşətirli iri çiçəkləri var. Meyvəsi uzunsov formalı və ya yumurta şəkilli, çoxtoxumlu giləmeyvədir. Ləti sarımtıl-ağ rəngli, ananasın və çiyələyin dadını və qoxusunu xatırladan xoş dadlı və ətirli kütlədən təşkil olunub.


Qida və müalicəvi əhəmiyyətli xammal kimi feyxoanın yetişmiş meyvələrindən istifadə olunur. Yetişmiş meyvələrinin tərkibində 12,5 faiz şəkərlər, 2,25 faiz üzvi turşular, yod, 24,5 faiz su ilə ekstraksiya olunan maddələr, askorbin turşusu və sairə aşkar olunub. Feyxoanın təzə dərilmiş meyvələri yeyilir, onlardan mürəbbə, kompot, cem, marmelad və sairə hazırlanır.

 

Xalq təbabətində feyxoanın meyvələri qalxanvari vəzin xəstəliklərində, qəbizlikdə, podaqrada, təzə şirəsi isə raxit, sinqa və digər avitaminozlarda istifadə olunur. Elmi təbabətdə feyxoanın meyvələri mədə-bağırsaq traktının iltihabi xəstəliklərində, hipoasid qastritdə və piolonefritdə, aterosklerozda, qalxanvari vəzin xəstəliklərində, tireotoksikozlarda istifadə olunur.