Xəbərlər

Astarada Beynəlxalq Ana Dili Gününə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Astara, 21 fevral, Bağır Əliyev, AZƏRTAC


Fevralın 21-də Astara şəhər 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək, qoruyaq” mövzusunda tədbirdə məktəblilər istedad və bacarıqlarını nümayiş etdiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildiriblər.  


Qeyd olunub ki, Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.


Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Sonda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş şeir müsabiqəsinin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.