Bu maraqlıdır!

Dənizdə çimməyin xeyri

Dənizkənarı iqlimin müalicəvi əhəmiyyətini  ilk dəfə ingilis həkimi Çarlz Rassel sübut edib. O, 1753-cü ildə yazdığı “Bəzi xəstəliklər zamanı dəniz suyundan istifadə” mövzusunda elmi işində bu məsələni konkret faktlarla əsaslandırıb. 


AZƏRTAC xəbər verir ki, həmin vaxt həm də alimin təşəbbüsü ilə La-Manş sahillərində ilk dəniz hospitalı və ilk dənizkənarı uşaq sanatoriyası açılıb.


Hələ qədim zamanlarda dəri xəstəlikləri və yaralar olduğu zaman Hippokrat dənizdə çimməyi məsləhət görüb. Antik dövrlərdə üzmək gündəlik vərdiş halını alıb. Buna baxmayaraq, XVIII əsrə qədər çox az adam üzməyi bacarıb.


İlk dəniz çimərliyi Fransada, Normand sahillərində yaradılıb. Bu çimərliyi 1788-ci ildə De Brankas adlı qraf açıb. Düzdür, o zamanlar dənizdə çimmək dəniz kənarında gəzişmək və ya topuğa qədər suya girmək anlamına gəlib.


Sonralar “dalğaların zərbəsi” ilə müalicə ən yaxşı müalicə üsullarından biri hesab edilməyə başlayıb. Beləliklə dənizdə çimmək ənənəsinin kütləvi əsası qoyulub.


Dəniz kurortları meydana gəldikdən sonra çimərlik paltarı haqqında da düşünülməyə başlanılıb. İlk qadın çimərlik paltarlarına Qədim Roma freskalarında rast gəlinir.


Dəniz kənarında günəş altında qaralmağı isə Vestminster hersoqunun yaxtasında istirahət edib, günəş altında qaralan Koko Şanel dəbə salıb. Koko Şanelin narazılığına baxmayaraq bütün qəzetlər durmadan bu haqda yazıb.