Təbiət

Everest

Yer kürəsinin ən hündür zirvəsinin Everest olduğunu bilirdinizmi?

 

Himalay dağının bu zirvəsi Çin-Nepal sərhədində yerləşir. Zirvənin hündürlüyü 8848 metrdir. Everest kimi daha məşhur olan bu zirvəyə bəziləri Saqarmatxa, Comolunqma, Şenmufen də deyirlər. Everestin foması üçtərəfli piramidanı xatırladır. Burada güclü küləklər əsir.  İyul ayında hava 0 dərəcə, yanvar ayında -36, bəzən də -50 dərəcə olur. İlk dəfə bu zirvənin varlığını Hindli riyaziyyatçı və topoqraf Radxanat Sikdar təyin edib. 


Dünyanın ən hündür zirvəsi olduğundan demək olar ki, bütün alpinistləri özünə cəlb edir. Zirvəyə qalxmaq 2 ay vaxt aparır. Alpinistlər əsasən yaz və payız aylarında zirvəni fəth edirlər, çünki bu vaxtlarda musson küləkləri olmur.

 

Zirvəni fəth etdikdən sonra ortalama 15 kq çəki itəcək. Bu zirvəyə qalxmaq 100-150 min manata başa gəlir. Bu qiymətə yemək, içmək, geyim, çadır, oksigen balonları, bələdçi xidməti və yol haqqı daxildir. 


Bu zirvəni ilk dəfə fəth edənlər Tensinq Norqey və Edmund Hillari olub. Onlar 29 may 1953-cü ildə buna nail olublar. Zirvəyə ayaq basan ilk qadın alpinist isə 1976-cı ildə Yaponiyadan olan Dyunko Tabey olub. 22 may 2010-cu ildə Cordan Romero adlı 13 yaşlı oğlan atası ilə bərabər bu zirvəni fəth edib və adını tarixə yazdırıb. Ən yaşlı adam isə 80 yaşlı Yapon Yutiro Miura olub. O, zirvəni 23 may 2013-cü ildə fəth edib.


Amma zirvəyə qalxmaq sizə elə də asan iş kimi gəlməsin. Bu çox çətin məsələdir. Bir çoxları zirvəyə qalxıb, bir daha enə bilməyiblər, bəziləri isə zirvəni fəth etməmiş dünyasını dəyişiblər.

 

Ölümün səbəbləri soyuq, yorğunluq, sürüşüb yıxılmaq, oksigen balonlarının bitməsi və s. olub. Neçə neçə insanların meyitləri elə dağdaca qalıb. Hətta, bir çox alpinistlər onlardan yol istiqaməti kimi istifadə edirlər. Dağ bir növ insan qəbiristanlığına bənzəyir. Everest tarixində ən acı faciə 1996 və 2014-cü illərdə baş verib. Bu vaxt ekspedisiyanın 13 üzvü həlak olub.