Xəbərlər

Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun məktəblərində birinci sinfə şagird qəbuluna başlanılıb

Bakı, 12 mart, AZƏRTAC 
 
 
Martın 12-dən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb. 
 
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.
 
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8 mindən çox uşaq avtomatık birinci sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə birinci sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. 
 
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, birinci sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində birinci sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
 
Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin online qeydiyyatı martın 12-dən sentyabrın 15-dək həyata keçirilir.
 
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunacaq.
 
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan əldə etmək mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).
Birinci sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522