Xəbərlər

“Azərmarka” uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi elan edir

Bakı, 13 mart, AZƏRTAC 
 
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC martın 26-sından etibarən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən rəsm müsabiqəsinə start verəcək. 
 
MMC-dən AZƏRTAC –a bildirilib ki, “Yaşa Azərbaycanım!” mövzusunda müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda milli ənənələrə hörmət, milli tariximizə bağlılıq hisslərini təbliğ etmək və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir. 
 
Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi А4 ölçülü zərfdə üzərində poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsilə “Azərmarka” şirkətinin təşkilat komitəsinə ( Ünvan: Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır. 
 
Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir. Həmin müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin tələblərinə cavab verməyən işlərə baxılmayacaq. Aprelin 26-dan mayın 1-dək münsiflər tərəfindən ümumilikdə 10 ən yaxşı rəsm müəyyənləşdiriləcək. 
 
İlk 3 qalib - 1-ci yer 300 manat, 2-ci yer 200 manat, 3-cü yer isə 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək. 
 
Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.