Bu maraqlıdır!

Dəniz quldurluğu nə vaxt yaranıb?

Dəniz quldurları, yaxud piratlar artıq neçə min illərdir var. Hətta qədim Yunan və Roma gəmiləri də Egey və Aralıq dənizində dəniz quldurlarının hücumuna məruz qalıblar. Piratlar o qədər qüdrətli idilər ki, bir zamanlar indiki Türkiyə ərazisində özlərinin dövlətini yaratmışdılar. Onları darmadağın etmək üçün romalılar eramızdan əvvəl 67-ci ildə xüsusi ekspedisiya təşkil etməli olublar.

 

Piratlığın ən geniş yayıldığı dövr 1300-1800-cü illərə təsadüf edir. Dəniz quldurları Şimali Afrikanın Mərakeş, Əlcəzair, Tunis və Liviya kimi ölkələrin limanlarında məskən salıblar. Onlar Aralıq dənizində üzən Avropa gəmilərini qarət edir, sərnişinləri, dənizçiləri əsir götürərək ya qul bazarlarında satır, ya da əvəzində yaxınlarından pul alanadək saxlayırdılar.

 

Piratların dənizlərdə ağalığı 1830-cu ilə – Əlcəzairin Fransızlar tərəfindən istilasınadək davam edib. Sonralar ingilis və fransız donanmalarının güclənməsi ilə dəniz quldurlarının hökmranlığına son qoyuldu.

 

O zaman piratlara həm də bukanir deyirdilər. Bu ad XVI əsrin sonları XVII əsrin əvvəllərində İspaniyada fəaliyyət göstərən dəniz quldurlarına aid edilib.

 

Bukanirlər adi dənizçilər, müxtəlif ölkələrdən qaçqın düşən insanlar idi. Onlar Şərqi Hindistanın ada və limanlarında yığışırdılar. Bu adamlar vəhşi heyvanları ovlayır, onları “bukan“ adlanan xüsusi qurğularda hisə verir, sonra ya dənizçilərə , ya da tacirlərə satırdılar. Bukanirlərin adı da elə ordan yaranıb.

 

Dəniz quldurları tez-tez qarət etdikləri qızıl-gümüşü, daş qaşı müxtəlif yerlərdə gizlədir və bu xəzinələrin yerini kimsəyə söyləmirdilər. İndiyədək çoxları inanır ki, Amerikanın Florida və Texas sahillərində hələ aşkarlanmamış xəzinələr çoxdur.