Təbiət

Zəlilərin insan sağlamlığı üçün faydası

İlk baxışda çox iyrənc və qorxunc görünən  zəlilər əsasən şirin su hövzələrində - bataqlıqlarda, çaylarda, göllərdə, nadir hallarda isə quru ərazilərdə yaşayır. Ancaq unutmayaq ki, bu sürünən canlı sağlamlığımız üçün çox yararlıdır.

 

Dünyada 400-ə qədər növü olan zəlinin Azərbaycanda 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibbdə istifadə edilir. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növlərdə var.

 

Məsələn, daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb qanını sorur. Bütün dünyada zəlinin ən yaxşı növləri Azərbaycandadır. Ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Onları göllərdən tutub istifadə edirlər.

 

Qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər. Zəli ilə müalicə üsulundan indi də istifadə olunur. Onun köməyi ilə ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi xəstəliklərini müalicə etmək mümkündür.

 

Hirudoterapiya zəli ilə müalicə adlanır. Zəli ilə müalicə haqqında daş kitabələrdə də yazılıb. XVII əsrdən sonra isə zəli ilə müalicə üsulu tədricən unudulub. Əsrlərlə bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatlarıdır. Lakin dərmanların zərərli təsirləri insanları yenidən hirudoterapiyaya üz tutmağa vadar etdi. Çünki zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Amma zəli bütün xəstələrə tətbiq oluna bilməz. Hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə zəli qoymaq məsləhət görülmür. O, qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.

 

Zəli çox həssas canlıdır, otaqda səs-küy olanda, hətta siqaret çəkiləndə buna reaksiya verir. Dəriyə hansısa ətirli maddə vurulanda zəli adama yapışmır. Zəlini xlorlu suda, həddindən artıq isti və ya soyuq yerdə saxlamaq olmaz.