Təbiət

Ağacdələnlər

 

Bu dəstəyə daxil olan quşların əksəriyyətinin düz və yaxud azca əyilmiş uzun və güclü dimdiyi, yemi götürmək üçün nazik dili olur.

 

Nə üçün ağacdələnlərdə beyin silkələnməsi olmur?

 

Ağacdələnlər çox gərgin surətdə dimdikləri ilə ağacı oyurlar. Bununla da özləri üçün qida tapıb yeyirlər. Bu cür gur səslər meşədə 1 km-lik məsafəyədək yayılır.

 

Bəs, nə üçün başının bu cür fəal hərəkətindən ağacdələnlərdə beyin silkələnməsi olmur? Məlum olmuşdur ki, iskənəyəbənzər dimdik və güclü boyun əzələləri və telləri zərbələri yüngülləşdirir və beləliklə də onların beyni heç bir silkələnməyə məruz qalmır.

 

Ağacdələnlərə Cənubi Amerika meşələrində yaşayan parlaq quşlar-tukanlar da aiddir. Bu quşlarda ilk nəzərə çarpan şey onların nəhəng, parlaq rəngli dimdiyidir. Onun uzunluğu quşun bədəninin uzunluğuna bərabərdir, ancaq bu böyük dimdik çox yüngüldür, çünki orada hava boşluqları vardır. Tukanlar səsli-küylü, maraqlı və mehriban quşlardır. Parlaq rənginə baxmayaraq, tukanı tropik meşədə görmək elə də asan deyil.

Dil beyində saxlanır.

 

Ağacdələnlərin çox uzun- dimdiyindən təxminən 1,5 dəfə uzun dili olur. O xüsusi hərəkətli sümüklərə bərkimişdir və sanki kəlləyə dolanır. Qida axtararkən sümüklər irəli hərəkət edir və uzanmış dil dimdikdən çıxır. Ağacdələn ağac oyuğunda deşik açıb, öz uzun dilini oraya salır.

Afrikanın tropik meşələrində qəribə quş sayılan balgöstərənlər yaşayır.Onlar digər ağacdələnlərdən fərqli olaraq ağac oymur, sadəcə olaraq ustalıqla vəhşi arı və onların yuvalarını axtarırlar. Yuva tapdıqda, onlar öz səs-küyləri ilə insanların və ya başqa heyvanların, məsələn, balyeyənlərin diqqətini cəlb edirlər. İnsan və ya heyvan arı yuvasını dağıtdıqdan sonra balgöstərən şanıları toplayır və mumları yeyir.