Bu maraqlıdır!

Filə xortum nə üçün gərəkdir?

Çox illər bundan əvvəl Yer kürəsində mamontlar yaşamışlar. Onlar çox ağır həyat tərzinə dözməyib bir-birinin ardınca məhv olurdular. Mamontların davamçıları olan Asiya və Afrika filləri Yer üzərində yaşayan ən böyük heyvandır.

Filin bədən quruluşunda qəribə orqan olan xortum ona çox gərəklidir. İnsanda əllərin yerinə yetirdiyi funksiyanı fil üçün xortum əvəz edir. Xortum filin burnunun və üst dodağının davamıdır.

 

O, fil üçün həm əl, həm burun, həm də dodaq funksiyasını yerinə yetirir.

Çox güclü olan bu orqan asanlıqla əyilə bilir, çünki 40 min əzələdən ibarətdir. Bu səbəbdən fil xortumunu silah kimi də istifadə edir. Xortumun ucu çox həssas olduğundan, hətta yüngül toxunuşu belə hiss edir.

Xortumun köməyi ilə fil qidanı, suyu ağzına ötürür. Həmçinin isti havada suyu xortum vasitəsilə belinə tökərək özünü sərinləşdirir.