Bizi əhatə edən dünya

Bayquşlar

Bayquşlar yırtıcı gecə quşlarıdır. Onlar bir çox xüsusiyyətlərinə görə gündüz yırtıcı quşlarına bənzəyir, ancaq onların qohumu sayılmırlar. Bayquşlara ən yaxın tutuquşular və çobanaldadanlardır.

 

Qəniməti gecənin qaranlığında tapmaqda bayquşlara onların gözəl eşitmə qabiliyyətləri kömək edir. Bayquşlar çox itigözlüdür və gözləri bir çox başqa quşlardan fərqli olaraq, başının böyürlərində deyil, qabaqda yerləşir. Və əgər bayquş arxasında nə baş verdiyini görmək istəyirsə, o, sadəcə olaraq başını öz oxu ətrafında döndərir, özü isə hərəkətsiz qalır.

 

Yapalaq ən böyük bayquşdur. Qanadının uzunluğu, demək olar ki, 2 m, çəkisi isə 2 kq-dan artıqdır. O, təkcə ölçüləri ilə deyil, səsi ilə də məşhurdur: məhz onun ulamasını xalq arasında qulyabanının qışqırtısına bənzədirlər. Yapalaq sakit meşələrdə, dağlarda və çöl yarğanlarında yaşayır. Yuvasını xəlvət yerlərdə tikir. Qəniməti heyvanlardan- çöl siçanından tutmuş dovşana, quşlardan isə torağaydan qaza kimidir. 

 

Bayquşların lələkləri digər quşların lələklərindən çox fərqlidir. Lələyin üzü tam bitişmir, ucları isə saçaqlıdır. Tədqiqatlar göstərmişdir ki, bu cür lələk quruluşu nəinki səsi, ultrasəsi belə boğur. Bu çox vacibdir, çünki bir çox xırda gəmiricilər ultrasəsə qarşı həssas olurlar. Ona görə də bayquş öz qənimətinə gizlicə yaxınlaşır. 

 

Tam qaranlıqda bayquşların köməyinə eşitmə qabiliyyətləri çatır. Üz, göz və dimdiklərinin ətrafında xırda və cod tüklər bitib, “üz diskini” yaradır. Quşlar ondan lokatorun boşqabı kimi istifadə edib, siçan və çöl siçanlarının yerləşdiyi yeri təyin edirlər.

 

Gecə və gündüz yırtıcılarının dimdik və caynaqları çox oxşardır. Bu onunla əlaqədardır ki, hər ikisi quş, xırda heyvan, qurbağa, balıq ovlayır. Bayquşun əyilmiş dimdiyinin ucu bıçağın ucu kimi iti olur. Bayquşların pəncəsinin bir xüsusiyyəti vardır ki, gündüz yırtıcılarında bu olmur. Onların baş barmağı çox hərəkətlidir və onlar bir silah kimi gündüz yırtıcılarının pəncəsindən çox təsirlidir.