Bizi əhatə edən dünya

Dünyanın ən gənc böyük səhralarından biri - Qaraqum

Qaraqum (“qara” və “qum” sözlərinin birləşməsindən yaranıb) Orta Asiyanın cənubunda yerləşən və Türkmənistanın böyük hissəsini əhatə edən səhrasıdır. Çox güman ki, “Qara qum” adı səhra ərazisinin 95 faizinin yay aylarında yaşıl rəngini itirən otla örtülməsi ilə bağlıdır. Qum barxanlarından ibarət Qaraqumun qalan 5 faizini türkmənlər “Ağ qum” adlandırırlar.


Qaraqumun sahəsi 350 min kvadratkilometrdir. Səhra ərazisi Zaunquz Qaraqumu (yayla), ondan Unquz çökəkliyi ilə ayrılan Mərkəzi Qaraqum (Aran Qaraqumu) və Cənub-Şərq Qaraqumuna ayrılır. Geoloji yaşı təxminən 1 milyon ildir (müqayisə üçün deyək ki, Namibiya səhrasının yaşı 55 milyon ilə yaxındır).


Burada insanlar hələ bizim eradan əvvəl IV minillikdə mövcud olublar. Arxeoloji qazıntılar nəticəsində sübut olunub ki, onlar qədim Murqaba çayının (hazırda bu çay mövcud deyil) deltasında məskunlaşmışdılar. Bu delta sonrakı əsrlərdə də insanları özünə cəlb edib. Arxeoloqların fikrincə, bizim eradan əvvəl III minillikdə (Avrasiya materikinin cənubu, Yunanıstandan Hindistana qədər güclü quraqlığa məruz qaldığı vaxt) bura şərqi Anadoludan və ya Şimali Suriyadan insanlar gəlib.


Lakin Qaraqumda ən səs-küylü arxeoloji kəşf 1972-ci ildə Viktor İvanoviç Sarianidinin (1929-2013) rəhbərlik etdiyi ekspedisiya tərəfindən edilib. Ekspedisiya burada Qonur-Depe (Qonur təpə) məbəd şəhərini aşkarlayıblar. Məhz həmin təpə öz forması ilə Sarianidiyə bu torpaqların nə isə miqyaslı bir sirr gizlətdiyi barədə ipucu verib.

Nəticədə mərkəzində Atəşgah məbədi, Qurbanvermə məbədi, saray və başqa binaların olduğu daşdan hörülən möhtəşəm kompleks aşkarlanıb. Onlar perimetri boyu kvadrat qülləli güclü divarlarla əhatələnib.

 

Məbəd-şəhər bizim eradan təxminən 2300-2250 il öncə salınıb. Cənubda onun divarına uzunluğu 180 metr, eni 80 metr və dərinliyi 2 metrə qədər olan böyük hovuz birləşib. Qədim qüdrətli Marquş ölkəsindən olan atəşpərəst zəvvarlar ibadət etmək üçün bura gəlirdilər. Sarianidinin ekspedisiyası Qonurdan sonra 200-ə yaxın insan məskəninin izini aşkarlayıb. Arxeoloq Marquş dövlətinin də Misir, Mesopotamiya, Hindistan və Çin kimi Qədim dünyanın önəmli nöqtələrindən biri olduğunu iddia edir. Bu dövlətə III-VI əsrlərə aid “Avesta” kitabında (qədim zərdüşt mətnləri külliyyatı) Mauri adı ilə rast gəlmək olar.


Qaraqumun relyefi, əsasən boz-qonur rəngli qum təpələri və səhra bitkiləri ilə örtülü sərt kəsişən düzənlikdir. Xarakterik landşaft xüsusiyyətləri takırlar – gil çöküntüləri və şorlar – şoran qobulardır. Qum barxanları takırların yaxınlığında massivlər əmələ gətirir.


Regionda yaşayan heyvanların demək olar ki, hamisi gecə həyatı sürür. Səhrada tez-tez ilğımlar – işıq şüalarının sınması nəticəsində yaranan optik effektlər müşahidə edilir.


Qaraqum, əsasən də Amudərya sahilləri yaxınlığında qrunt suları ilə zəngindir. Burada 20 minə qədər quyunun olduğu hesablanıb. Çox vaxt onlardan suyu qədim üsulla – dairə ətrafında dövrə vuran dəvə vasitəsi ilə çıxarırlar.