Xəbərlər

"Lütfi Zadə adına Məntiq Olimpiadası"nın məktəbdaxili mərhələsi keçirilib

Bakı, 14 aprel, AZƏRTAC  


Aprelin 14-də "Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası"nın ilk turu - məktəbdaxili mərhələsi keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, olimpiadada ümumtəhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışı saat 10.00-da başlayıb və 11.30-da bitib. Məktəbdaxili mərhələdə şagirdlər bir saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.


Olimpiadanın final mərhələsi mayın 26-da təşkil olunacaq. İlk turda olduğu kimi final mərhələsində də 25 test sualının cavablandırılması üçün bir saat yarım vaxt ayrılacaq.


Final mərhələsinin nəticələrinə əsasən Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.        


BŞTİ və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdır.