Odlar Yurdu

Şamaxı əhalisinin oyun və əyləncələri

Şamaxı əhalisinin mənəvi mədəniyyətinin bir sahəsini oyun və əyləncələr təşkil edir. Şamaxı camaatı mənəvi mədəniyyətin bu istiqamətini əsrlər boyu qoruyub saxlamış və bu günümüzə çatdırmışlar.


“Oyun” xalq arasında uşaq əyləncəsi, aktyor yaradıcılığı, tamaşa, rəqs, idman və pantomima kimi sənətləri əhatə edib birləşdirən sinkretik anlayış və deyim kimi işlədilir. “Oyun” anlayışının lüğəvi mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bu fikrə görə, bu deyim “qədim şamanın digər bir adı”, digər fikrə görə isə, ayin sözünün dövrümüzədək gəlib çatmış və dəyişilmiş formasıdır. Tədqiqatçılara görə, “oyun” sözünün kökü “oy”dur.


Uşaq oyun və əyləncələri sırasına daxil olan “Bənövşə bənövşə”, “Motal – motal”, “Əlüstə kimin əli” kimi maraqlı və xeyirxah xarakterli oyunlar keçmişdən indiyə qədər qalmaqdadır. Şamaxıda mövcud olan “Oyun və əyləncələr” sisteminə yaz fəsli ilə bağlı uşaqların oynadıqları “Bənövşə – bənövşə” oyunu daxildir.

 

“Bənövşə – bənövşə”: Oyunun iştirakçıları iki dəstəyə ayrılır, bir – birlərindən 10 m. aralı və üzbəüz dayanırlar. Oyun aşağıdakı kimi keçirilərdi: Birinci dəstə: Bənövşə İkinci dəstə: Bəndə düşə Birinci dəstə: Bizdən sizə kim düşə İkinci dəstə: Sizdən bizə adı gözəl, özü gözəl filankəs. Adı çəkilən qaçaraq digər dəstənin səfini yarmağa çalışır. Əgər buna müvəffəq ola bilsə, həmin dəstədən özü ilə bir nəfəri öz dəstələrinə aparardı. Əksinə səfi yara bilməsə, özü həmin dəstəyə qoşulmalı idi.

 

Özündə maraqlı elementləri cəmləşdirən “Motal – motal” uşaq oyununa Şamaxının əksər yerlərində rast gəlmək olar.


“Papaqaldıqaç”, “Dirədöymə” (“Dizədöymə”), “Mərə – mərə”, “Qaçaq –qaçaq”, “Topaldıqaç”, “Ay qaranquşum”, “Çilingağac”, “Papaqatdı”, “Qaçdı – tutdu”, “Əkil – bəkil” və s. adlı maraqlı oyunlara Şamaxının bütün guşələridə rast gəlmək olur (uşaqlar və yeniyetmələrin oynadıqları oyunlardır).


 

Kökü qədimlərə gedib çıxan çövkən oyunu mənəvi mədəniyyətimizin dəyərli hissəsidir. Atüstü milli oyunlarımızdan olan və kifayət qədər çeviklik, bacarıq tələb edən bu oyun növü Şirvan bölgəsində də geniş yayılmışdır. Çövkən oyunu 19-20 əsrin əvvəllərində Şamaxıda geniş yayılmış və xalq tərəfindən sevilən bir oyun növü olmuşdur.


Azərbaycanda orta əsrlərdə mövcud olmuş zorxana oyunu Şirvan bölgəsinin Şamaxı şəhərlərində də mövcud olmuşdur.