Odlar Yurdu

Damcılı mağarası

Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının ətəyində yerləşir. Mağaranın yerləşdiyi ərazidə ilkin arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılıb. 1956-cı ildən isə burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya həyata keçirilib. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid qədim insanlara məxsus 30-a yaxın mağara aşkar edib. İbtidai insanlar bu təbii mağaralardan yaşayış yeri kimi istifadə ediblər.

Avey dağında aşkar olunan daş dövrü insan məskənlərindən ən böyüyü Damcılı mağara düşərgəsi hesab olunur. Yarımdairəvi formada olan mağaranın hündürlüyü 4 metr, ümumi sahəsi 360 kvadrat metrdir.

Tədqiqat zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ov heyvanlarının yarı yanmış sümüklərinin qalıqları aşkar edilib. Alimlər mağaradan tapılan bu daş alətləri öz forma və hazırlanma texnikasına görə orta paleolit - Mustye dövrünə, yuxarı paleolitə və neolitə aid edirlər. Bu mülahizələr həmin ərazidə bir neçə minillik ərzində davamlı yaşayış olduğunu deməyə əsas verir.

Burada yaşayan insanlar minilliklərlə öz bacarıq və ustalıqlarını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilmişlər. Alimlərə görə, məhz Damcılı mağarasında aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini ardıcıl şəkildə izləmək mümkündür.

Mağaranın yerləşdiyi ərazi bir çox qədim tarixə malik və unikal əhəmiyyətli obyektlərlə məşhurdur. Damcılı mağarasında qeydə alınan belə mühüm elementlərdən biri də Damcılı bulağıdır: dar qaya çatlarının arasından saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı ovuqda yığılıb bulaq olur. Buna görə də bura “Damcılı bulağı” adlandırılıb. Bu bulaq hazırda yerli camaatın və qonaqların istirahət yeridir.   

Bundan başqa, Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Bəhs edilən ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları qeydə alınıb. Burada həmçinin şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 metr diametrlik sıxıcı daş çarx tapılıb. Bütün bunlar nəzərə alınaraq Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin əraziləri “Avey dövlət tarix-mədəniyyət qoruğu” elan olunmuşdur.