Şeirlər

Gülzar İbrahimova. "Yatma, nağıl qurtarmamış"

Nənə, mənə nağıl danış,

Nağılsız yata bilmirəm!

Gəl yanımda otur, danış,

Özüm oxuya bilmirəm!

 

Sən danış, mən qulaq asım,

Yuxuda hey nağıl görüm.

Qılıncı alıb əlimə,

Bütün divləri öldürüm!

 

 

 

Danış «Məlikməmməd»in

Quyuya düşməyindən.

Qızı saçlarından asmış,

Divi öldürməyindən.

 

Mənə çoxlu nağıl danış,

Yatmayım  qulaq asım.

Şahdan, ya da Şəhrizaddan,

Ya da, qara quldan danış!

 

 

İstəyirsən  Cırtdanın

Dürmək yeməyindən  danış.

Sonra balaca oğlanın, 

Divi öldürməyindən danış!

 

Danış ki, Cırtdana necə

Nənəsi dürmək verirdi.

Danış ki, o da neylədi?

Uşaqları xilas etdi.

 

 

Danış mənə Məngülümdən,

Şüngülüimdən, Şəngülümdən.

Danış buynuzlu keçidən,

Bir də danış dəmirçidən.

 

 

Necə oldu ki, boz keçi

Buynuzunu itilədi.

Canavarın qarnın deşdi,

Balaları xilas etdi.

 

 

Gözlərini yumma danış,

Danış, amma yuxulama.

Yatma, nağıl qurtarmamış

Qorxuram ha, xoruldama!

 

Ağ atlı oğlan gəlməmiş

Divi yuxudan oyatma,

Sən nağılı qurtarmamış

Nənə, bir də heç vaxt yatma!

 

Nağıl qurtarmamış  yatsan,

Gecə yuxum tamam qaçar.

Nağıl qurtarmamış yatsan,

Div gələr, səni  aparar!