Xəbərlər

“Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək

Bakı, 11 may, AZƏRTAC

 

Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək.

 

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin nümayişi F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsinə əsasən mayın 18-dək “Misir uşaq ədəbiyyatı” həftəsi çərçivəsində nəzərdə tutulub. Uşaqların ifasında təqdim ediləcək nağıl-tamaşada Azərbaycan, Misir, eləcə də dünya xalq nağıl qəhrəmanlarının obrazları nümayiş olunacaq.

 

Nağıl-tamaşanın təqdim olunmasında əsas məqsəd, Azərbaycan-Misir mədəni əlaqələrini möhkəmləndirmək, uşaq və yeniyetmələri hər iki ölkənin nağıl qəhrəmanları ilə yaxından tanış etməkdir.

 

Qeyd edək ki, nağıl-tamaşaya bir çox rəsmi nümayəndələrin də qatılacağı gözlənilir.