Xəbərlər

Məktəblilər arasında keçirilən kütləvi idman tədbirlərinin rayondaxili mərhələsi yekunlaşıb

Bakı, 15 may, AZƏRTAC 

 

Bakı şəhərinin rayonları üzrə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə yekun vurulub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarışlara paytaxtın 12 rayonu üzrə 305 ümumtəhsil məktəbindən iki minədək şagird qatılıb. Rayonlar üzrə birinci, ikinci və üçüncü yerləri tutan məktəblərin komandalarına kubok və diplomlar verilib.

 

Yarışın nəticələrinə əsasən, Nəsimi rayonu üzrə texniki-humanitar lisey, Xətai rayonu üzrə 29, Nərimanov rayonu üzrə 212, Səbail rayonu üzrə 236, Qaradağ rayonu üzrə 319, Binəqədi rayonu üzrə 244, Nizami rayonu üzrə 109, Yasamal rayonu üzrə 13, Xəzər rayonu üzrə 26, Pirallahı rayonu üzrə 168, Sabunçu rayonu üzrə 155, Suraxanı rayonu üzrə 114 nömrəli tam orta məktəblərin komandaları finala vəsiqə qazanıb.

 

Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə dörd mindən çox məktəblinin qatılacağı gözlənilir.

Yarışlar Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.