Şeirlər

Əli Kərim. "Dilarə"

Tabaşirə bulaşmışdı,
Dilarənin saçı, üzü
Arxayınca gəzirdi o,
Xəbərsizdi bundan özü.


Qəh-qəh çəkib gülüşdülər,
Yoldaşları onu görcək.
Biri dedi: Üzün ağdır,
Üztünə də tabaşır çək.


Biri dedi: - Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin.
Ağappaqsan, ”Qar qız” olsun
Qoy bu gündən adın sənin.


Biri isə nə söz deyib,
Nə üzünə güldü onun.
Yaylığını çixardaraq
Tabaşirin sildi onun.